20/12/2013
"International Finance Magazine" jurnalının qiymətləndirməsi əsasında 18 dekabr 2013-cü ildə Dubay şəhərində nüfuzlu "Financial Awards 2013" Mükafatlarının rəsmi təqdimat mərasimi keçirilmişdir. Növbəti dəfə olaraq, ölkənin ən iri banklarından biri olan PAŞA Bank "Azərbaycanın ən yaxşı investisiya bankı" adlandırılmışdır.

PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor Taleh Kazımovun sözlərinə görə, beynəlxalq səviyyədə bu yeni qiymətləndirmə bir daha vurğulayır ki, PAŞA Bank düzgün istiqamətdə irəliləyir.

"Biz şadıq ki, səylə gördüyümüz iş diqqətdən kənar qalmır və növbəti dəfə dünyanın investisiya cəmiyyətinin yüksək qiymətini qazanır. Bu o deməkdir ki, bizim komandamız düzgün yol - ölkənin fond bazarının inkişaf etdirilməsi yolunu seçmişdir" - deyə T.Kazımov bildirmişdir.

Mükafatın təsisçisi - "International Finance Magazine" jurnalı dünyanın 150-dən artıq ölkəsində tanınır və dünya maliyyə bazarında baş verən əsas hadisələri işıqlandırır. Qərargahı London şəhərində yerləşən jurnal hər il qeyd edilən sektorun inkişafına dəyərli töhfə verən dünya üzrə maliyyə təşkilatlarını mükafatlandırır.

Xatırladaq ki, PAŞA Bank əvvəllər "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində də "Azərbaycanın ən yaxşı investisiya bankı" elan edilmişdir. Mükafatın təsisçisi "EMEA Finance" maliyyə jurnalı olmuşdur.