Çap

Press-relizlər

PAŞA Bank “Avropada ən yaxşı Korporativ Sosial Məsuliyyət (KSM) Proqramı” nominasiyasında Avropa mükafatına sahib olub

İyunun 5-də, Avstriyanın paytaxtında "Europe Banking Awards 2012" bank mükafatının təqdim edilməsi mərasimi baş tutub. Azərbaycanın aparıcı banklarından biri olan PAŞA Bank eyni zamanda iki nominasiya üzrə mükafata layiq görülüb. Bank Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı və özünün Korporativ Sosial Məsuliyyət Proqramı (KSM) üzrə Avropada ən yaxşı bank elan olunub.

Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımov mükafatlandırma mərasimindən sonra bildirmişdir ki, PAŞA Bankın investisiya istiqamətindəki fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yenidən yüksək qiymətləndirilib və bunun nəticəsində Bank ardıcıl olaraq ikinci dəfədir ki, bu mükafata layiq görülüb.

"2 ildən bir qədər artıq müddətdə PAŞA Bank tərəfindən bank, lizinq və telekommunikasiya sektorları daxil olmaqla, müxtəlif sahələri təmsil edən 6 emitentdə korporativ istiqrazlar buraxılmışdır (ümumi məbləği təxminən 102,4 mln. AZN təşkil edən 10 buraxılış). PAŞA Bank təkrar bazarda anderrayter olduğu bütün böyük buraxılışlar üzrə market-meyker xidmətləri göstərir. Xatırladım ki, 2012-ci ildə PAŞA Bank Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üzrə market-meyker xidmətləri göstərməyə başlamışdır. Bazarda yüksək likvidliyi nəzərə alaraq, təkrar bazarda 7 illik ipoteka kağızlarının gəlirliliyi 3 %-dən 2,962 %-dək azalmışdır (emissiyanın həcmi - 55 mln. AZN). 2012-ci ilin sonuna Bankın yerli qiymətli kağızlar portfeli təxminən 300 mln. AZN təşkil etmişdir (382 mln. ABŞ dollarından artıq), bu da yerli bazarda qiymətli kağızların 50 %-dən çoxunu təşkil edir. Bankın qiymətli kağızlarının ümumi portfeli 335 mln. AZN-dən yüksək olmuşdur (427 mln. ABŞ dollarından artıq) - ötən illə müqayisədə artım 23,7% təşkil etmişdir" - deyə T.Kazımov bildirmişdir.

PAŞA Bankın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasovanın sözlərinə görə, bazarda nisbətən qısa müddət ərzində fəaliyyət göstərməsinə baxmayaraq, Bank özünün 2012-2014-cü illər üçün İnkişaf strategiyası çərçivəsində KSM sahəsində fəaliyyətinin məqsədlərini, vəzifələrini və prioritet istiqamətlərini son dərəcə dəqiqliklə qeyd etmiş və artıq mədəniyyət, təhsil və idman sahələrində bir çox layihələri müvəffəqiyyətlə həyata keçirmişdir. "Özünün KSM Proqramı çərçivəsində geniş spektrli təşəbbüsləri həyata keçirən PAŞA Bank, cəmiyyətin rifahının yüksəlməsinə və Azərbaycanın gələcək inkişafına xidmət edir. Biz çox şadıq ki, səylərimiz beynəlxalq işgüzar ictimaiyyət tərəfindən bu cür yüksək qiymətləndirilib" -deyə S.Abbasova bildirmişdir.

Qeyd edək ki, mükafatın təsisçisi "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə jurnalıdır. "Europe Banking Awards"ın qalibləri dünyanın aparıcı ekspertləri - maliyyə sektorunun analitiklərinin və bank konsultantlarının iştirak etdiyi səsvermənin nəticələrinə görə müəyyən olunur.

https://www.pashabank.az/press_centre,607/lang,az/