31/05/2013
29 may tarixində Bakı Fond Birjasında (BFB), AZ2009002026 İSİN kodu altında qeydiyyatdan keçirilmiş Unibank istiqrazlarının növbəti uğurlu yerləşdirilməsi həyata keçirildi. Emissiyanın ümumi məbləği 5 milyon AZN-dir, həcmi 5000 ədəddir, hər bir istiqrazın nominal dəyəri - 1000 AZN-dir. 5 il müddətinə buraxılmış bu istiqrazlar üzrə kupon rüblük ödənişlə illik 14% təşkil etmişdir. Bu emissiyanın yerləşdirilməsi açıq abunə metodu üzrə PAŞA Bank və Unicapital broker şirkəti vasitəsilə həyata keçirilmişdir. PAŞA Bank Unicapital broker şirkəti vasitəsilə yerləşdirmə üzrə anderayter kimi çıxış etmişdir və PAŞA Kapital broker şirkəti vasitəsilə marketmeyker öhdəliklərini yerinə yetirəcək.Bu yerləşdirməni yerli qiymətli kağızlar bazarında 5 illik subordinasiya olunmuş istiqrazların ilk uğurlu açıq yerləşdirilməsi kimi də qiymətləndirmək olar.

PAŞA Bank bu istiqrazları gündəlik rejimdə kotirovka edərək onların likvidliyini təmin edəcək və beləliklə potensial investorlar üçün onları daha da cəlbedici edəcək. Xatırlatmaq istərdik ki, PAŞA Bankın marketmeyker kimi çıxış etdiyi bütün istiqrazlar üzrə kotirovkalar Bloomberg, Reuters terminalları, eləcə də BFB-nin saytı vasitəsilə izlənilə bilər.

PAŞA Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CİO) Taleh Kazımovun şərhinə əsasən Bank artıq ikinci dəfədir ki, UniBank istiqrazlarının emissiyasını təmin edir. "Ümumilikdə, bu UniBank-la eyni qrupa daxil olan şirkətlər üçün artıq beşinci istiqraz buraxılışıdır, bu da öz növbəsində investorların bu qrupun kredit riskinə qarşı yüksək etimadını əks etdirir. Bu yerləşdirmə dinamikası qiymətli kağızlar bazarının cəlbediciliyinin daim artmasına dəlalət edir, və bu da şübhəsiz ki, bütün yerli qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə müsbət təsir edəcək. "Biz istiqrazların yerləşdirilməsi bazarında əsas oyunçulardan biri olaraq bizə olan etimadı yüksək qiymətləndiririk" - deyə T. Kazımov öz şərhini yekunlaşdırdı.

Xatırladaq ki, son iki ildən bir qədər artıq müddətin nəticələrinə əsasən PAŞA Bank tərəfindən artıq 102,4 milyon AZN məbləğində 10 korporativ istiqraz buraxılışı həyata keçirilib. Burada bank və telekommunikasiya sektorları daxil olmaqla, müxtəlif sektorlardan söhbət gedir. PAŞA Bankın investisiya qoyuluşu istiqamətində apardığı işlərin nəticələri peşəkar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Bunun nəticəsidir ki, Bank 2011-ci və 2012-ci illərdə "EMEA Finance" nüfuzlu beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya Bankı" nominasiyası üzrə Avropa mükafatına layiq görüldü.