24/04/2013
2 May 2013-cü il, "Four Seasons Hotel", "Rast" zalı, saat 14.00 - PAŞA Bank və Junior Achievement Azərbaycan təşkilatı "Davamlı Müəssisənin İnkişaf Proqramı"nın yekun mərhələsinə həsr olunmuş tədbir keçirəcəklər. Proqram daxilində Bakı və Quba şəhərlərində yaşayan gənclər kiçik və orta müəssisələr yaradaraq, müvafiq biznes təlimləri, əlverişli mühit və imkanların toplanması vasitəsilə onların səmərəliliyini təkmilləşdirmişlər. Media nümayəndələri tədbirdə iştirak etməyə dəvət olunur.

2012-ci ilin aprel ayında başlayan proqrama kiçik və orta müəssisənin yaradılmasında maraqlı olan və bu fəaliyyətlə məşğul olan 60 gənc iştirakçı qatılmışdır. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanırdı. Junior Achievement Azərbaycan təşkilatı proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, işgüzar etika, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi iqtisadi görüşlər təşkil edirdi. Bununla yanaşı, gənclərin sahibkarlıq qabiliyyətinin formalaşdırması məqsədilə proqram daxilində aylıq ictimai-iqtisadi maarifləndirmə tədbirləri təşkil olunurdu.

Junior Achievement Azərbaycan təşkilatı biznes məsləhətçilərin köməkliyi ilə proqram iştirakçılarına biznes planın tərtibatından real sahibkarlıq mühitinə qatılmasına yardım edirdi. Biznes görüşləri zamanı proqramın iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edir, məhsullarının satışı və çatdırılma yollarını araşdırır, istehlak bazarının tələblərini öyrənir və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq edirdilər.

Tədbir zamanı gənc sahibkarlar öz müəssisələrini təqdim edib, onlara maliyyə müstəqilliyinə nail olmağa kömək edən əmtəə və xidmətləri təqdim edəcəklər. Biznes nümayəndələrindən ibarət olan münsiflər heyəti təklif olunan ideyaları həyata keçirilə bilmə dərəcəsi, davamlılığı, yeniliyi və təqdimatçının çıxış etmə bacarığına əsaslanaraq qiymətləndirəcək.

Tədbirin sonunda qalib gəlmiş üç müəssisənin sahibi PAŞA Bankdan pul mükafatı qazanacaq.