26/03/2013
"Nizami" kino mərkəzində ölkəmizin ən iri banklarından biri olan "PAŞA Bank"ın sponsorluğu ilə "Az Cinema Online" internet layihəsinin təntənəli təqdimat mərasimi keçirilib.

Özündə mükəmməl internet-kinoteatr funksiyasını daşıyan ilk belə yerli veb-mənbəyin əsas məqsədi milli kinematoqrafiyamızın şah əsərlərinin istər yerli, istərsə də beynəlxalq distribusiyası vasitəsilə Azərbaycan mədəniyyətinin təbliğatını aparmaqdır.

Saytın təqdimat mərasimində çıxış edən "PAŞA Bank"ın İctimaiyyətlə əlaqələr və Marketinq Departamentinin Direktoru Sona Abbasova qeyd etmişdir ki, özündə sosial məsuliyyət daşıyan bir təşkilat kimi, Bank fəaliyyət göstərdiyi 5 ildən bir az artıq dövr ərzində istər ölkə daxilində, istərsə də ölkə xaricində Azərbaycan mədəniyyətinin təbliğinə yönəlmiş çox sayda layihələrdə bilavasitə iştirak edib. "Çox şadıq ki, bizə "Az Cinema Online" kimi möhtəşəm layihəyə dəstək olmaq imkanı verilib və bizim sosial məsuliyyət proqramımızın fəlsəfəsini bundan daha yaxşı ifadə etmək olmaz" -deyə S. Abbasova bildirib.

Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Kinematoqrafçılar İttifaqı və Prodüserlər gildiyasının dəstəyi ilə "Nərimanfilm" kino şirkətində həyata keçirilib. Veb-mənbəyə www.azcinemaonline.com ünvanında daxil olmaq olar.