21/02/2013
Ölkənin ən iri banklarından olan "PAŞA Bank" "Azercell" şirkəti ilə birgə Azərbaycanda "World StartUp müsabiqəsi" layihəsinin başlandığını elan etmişdir. Bu təşəbbüsün məqsədi ölkədə innovativ yönümlü sahibkarlığın inkişafına dəstək göstərmək və şərait yaratmaqdır.
"Seedstars" (İsveçrə) şirkəti və "Barama" İnnovasiya mərkəzinin icra etdiyi layihə çərçivəsində informasiya texnologiyaları sahəsində ən yaxşı biznes layihələri seçilərək onların müəlliflərinə layihənin həyata keçirilməsi üçün qrantlar veriləcəkdir. İlkin mərhələdə iştirakçıların ərizələri "PAŞA Bank", "Azercell" və "Seedstars" şirkətlərinin nümayəndələri, eləcə də müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcəkdir. Ən yaxşı layihələrin müəllifləri qiymətli mükafatlarla təltif ediləcək, birinci yeri tutmuş layihə isə "World StartUp müsabiqəsi"nin Lozanna şəhərində 2014-cü ilin yanvar ayında keçiriləcək qrand-finalı çərçivəsində beynəlxalq münsiflər heyətinə təqdim ediləcəkdir. Bu müsabiqədən də uğurla keçən layihələr zəruri investisiya və beynəlxalq himayəçi dəstəyi ilə təmin ediləcək, layihə müəllifləri isə gələcəkdə özlərini Avropa ölkələrində təqdim etmək imkanı qazanacaqlar.
"PAŞA Bank"ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin direktoru Sona Abbasovanın sözlərinə əsasən, Bank öz sosial cavabdehlik proqramı çərçivəsində yeni fəaliyyətə başlayan sahibkarlara dəstək verən layihələrə xüsusi diqqət yetirir. "World Startup müsabiqəsi"nin sponsoru olaraq biz layihənin Azərbaycanda, ola bilsin ki, kifayət qədər maliyyə imkanları olmayan, lakin innovativ yönümlü təfəkkürə və yaradıcı ideyalara malik istedadlı işgüzar insanların potensialını üzə çıxarmaq imkanı verəcəyinə əminik", - S. Abbasova qeyd etmişdir.
Ümumilikdə, "World Startup müsabiqəsi" dünyanın 20 ölkəsində keçiriləcəkdir. Yerli layihənin yekun mərhələsi 2013-cü il martın 29-da "ABŞ-da Təhsil almış Azərbaycanlı Məzunlar Assosiasiyası"nın konfrans zalında keçiriləcəkdir. Layihə haqqında daha ətraflı məlumatı www.seedstarsworld.com saytından əldə etmək olar; iştirak üçün anketlər www.barama.az saytında doldurulmalıdır. Ərizələrin qəbulu üçün son tarix - 10 mart 2013-cü il