08/02/2013
Bu gün Gürcüstanın paytaxtında Azərbaycan bank bazarının aparıcı iştirakçılarından biri olan "PAŞA Bank"ın ilk törəmə strukturunun rəsmi təntənəli açılış mərasimi olub.

Bu hadisəyə həsr edilmiş mətbuat konfransında "PAŞA Bank"ın İdarə Heyətinin Sədri Fərid Axundov bildirib ki, Bankın xarici ölkələrə genişləndirilməsinin ilk istiqaməti kimi Gürcüstanın seçilməsi bir çox amillərə əsaslanmışdır. F. Axundov demişdir: "Buna əsas istər ölkələrimiz arasında ildən-ilə artan ticarət dövriyyəsi, istər regional miqyasda mühüm strateji layihələrin həyata keçirilməsində birgə iştirakımız, istərsə də dövlətlərimiz arasındakı mövcud olan möhkəm dostluq əlaqələridir. Qarşımızda duran əsas məqsəd - ölkələrimizin iqtisadiyyatının inkişafına öz töhfəmizi verməkdir".

Öz növbəsində, "PASHA Bank Georgia"-nın rəhbəri Anar İsmayılov bildirmişdir ki, Bank regional miqyasda sahibkarlığın inkişafı ilə sıx əlaqəli mövqedən çıxış edəcək. Elə buna görə də, perspektivdə bank məhsullarının və xidmətlərinin geniş çeşidi təklif edilə bilər. A. İsmayılov bildirmişdir: "Hal-hazırda Azərbaycanda, o cümlədən Bankın müştəri bazasında kifayət qədər çox sayda şirkətlər mövcuddur ki, onlar Gürcüstanda fəaliyyət göstərir. Bunu nəzərə alaraq, "PASHA Bank Georgia"-nın əsas vəzifələrindən biri, bu ölkədə fəaliyyət göstərən sahibkarların - istər yerli, istərsə də Azərbaycan şirkətlərinin maliyyə maraqlarının və tələbatlarının dəstəklənməsi və təmin edilməsi olacaqdır".

Xatırlatmaq istərdik ki, "PASHA Bank Georgia" bankına fəaliyyət göstərmək üçün lisenziya 17 yanvar tarixində Gürcüstan Milli Bankı tərəfindən verilmişdir. Qeyd edək ki, "PASHA Bank Georgia"-nın Nizamnamə kapitalı 35 mln. lari (təxmini olaraq 21 mln. ABŞ dolları) təşkil edir. Strateji planlara əsasən yaxın 1-2 il ərzində Bank 60 mln. ABŞ dollarından az olmayan aktivlər formalaşdırmağı qarşıya məqsəd qoymuşdur. Hələ ki, "PASHA Bank Georgia " Tbilisidə Rustaveli prospekti 15 ünvanında yerləşən bir filial ilə təmsil olunacaq. Lakin yaxın gələcəkdə bank şəbəkəsinin Gürcüstanın qərb istiqamətində, Batumi və ya Poti kimi şəhərlərdə genişləndirilməsi də mümkündür.