24/01/2013
Ölkənin ən iri banklarından biri olan "PAŞA Bank" və Bakı Fond Birjası arasında qiymətli kağızlar (QK) bazarında marketmeyker fəaliyyətinin göstərilməsinə dair ilk müqavilə imzalanmışdır. Müqavilə çərçivəsində "PAŞA Holdinq"-in üzvü olan PAŞA Kapital MMC vasitəsi ilə aşağıdakı QK üzrə gündəlik kotirovkalar təqdim ediləcək: Azərbaycan İpoteka Fondu (AZ2001008682, alış öhdəliyinin həcmi - 1 500 000 AZN, alış və satış sifarişləri arasındakı qiymət dəhlizi - 3%); Unibank (AZ2008002027, 200 000 AZN, 5%); Unileasing (AZ2005005197, 200 000 AZN, 5%), Bakcell (AZ2001009466, 200 000 AZN, 5%), Bank of Baku (AZ2006005360, 200 000 AZN, 5%).

PAŞA Bankın İdarə Heyətinin Üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımovun sözlərinə görə, PAŞA Bank həmçinin korporativ kağızlara da ilk dəfə olaraq marketmeyker xidmətlərini göstərməyə başlamışdı. Keçən iki ilin yekunlarına görə PAŞA Bank tərəfindən 5 emitentin (maliyyə və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) təxminən 86 mln. AZN məbləğində korporativ istiqrazları buraxılmışdı.

PAŞA Bankın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş və o, səbəbdən nüfuzlu "EMEA Finance" beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya bankı" nominasiyası üzrə mükafata layiq görülmüşdür.

PAŞA Bank yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməkdə davam edəcək və qiymətli kağızların bazarını inkişaf etdirmək planına uyğun fəaliyyət göstərəcəkdir.