22/01/2013
17 yanvar tarixində Gürcüstan Milli Bankı Azərbaycanın aparıcı banklarından biri olan "PAŞA Bank"ın ilk törəmə strukturu "PAŞA Bank Georgia" bankına fəaliyyət üçün lisenziya vermişdir.

"PAŞA Bank Georgia"nın rəhbəri Anar İsmayılovun sözlərinə əsasən, Bankın fəaliyyəti ilk olaraq korporativ sektora xidmət göstərilməsinə istiqamətlənəcək, lakin sonra əməliyyatlar ölkənin kiçik və orta sahibkarlıq sahələrini (SME) də əhatə edəcək. A. İsmayılov demişdir: "Bundan əlavə, qeyd etmək lazımdır ki, hal-hazırda Azərbaycanda, o cümlədən, bankın müştəri bazasında kifayət qədər çox sayda şirkətlər mövcuddur ki, onlar Gürcüstanda fəaliyyət göstərir. Bizim vəzifəmiz onların maliyyə maraqlarının və tələbatlarının təmin olunmasıdır. Eyni zamanda, Gürcüstanda banklar arasında kifayət qədər sərt rəqabət mövcuddur və bu təcrübə bizim üçün faydalı olacaq".

Qeyd edək ki, "PAŞA Bank Georgia" bankının nizamnamə kapitalı 35 mln. lari (təxmini olaraq 21 mln. dollar) təşkil edir. Strateji planlara əsasən yaxın 1-2 il ərzində Bank 60 mln. dollardan az olmayan aktivlər formalaşdırmağı qarşıya məqsəd qoymuşdur. Hələ ki, "PAŞA Bank Georgia" Tbilisi şəhərində Rustaveli prospekti, 15 ünvanında yerləşən bir filial ilə təmsil olunacaq. Lakin yaxın gələcəkdə bank şəbəkəsinin Gürcüstanın qərb istiqamətində, Batumi və ya Poti kimi şəhərlərdə genişləndirilməsi də mümkündür.