Çap

Press-relizlər

PAŞA Bank ipoteka istiqrazları üzrə növbəti sövdələşməyi həyata keçirdi

28 və 29 dekabr tarixlərində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazların (AZ2001008682) ilk emissiyasının növbəti sövdələşməsi həyata keçirilmişdi. Sövdələşmə çərçivəsində marketmeyker qismində iştirak edən PAŞA Bank həmin kağızların 1,5 mln. və 2,6 mln. manat məbləğində və müvafiq olaraq 2,97% gəlirliliklə investora satışını təmin edib.
Qeyd edək ki, PAŞA Bank Azərbaycan İpoteka Fondunun ipoteka istiqrazları üçün market-meyker xidmətləri göstərməyə 2012-ci ilin ikinci yarımillikdə başlamışdır. Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə baş direktoru Taleh Kazımovun sözlərinə görə, bazardakı likvidlik nəzərə alınmaqla yeddiillik ipoteka kağızlarının (AZ200100868) gəlirliliyi ikinci bazarda 3 %-dən aşağı düşmüşdür və gəlirlilik 2,97% - 2,99% hədləri arasında müəyyənləşdirilir.
Bu günədək hazırkı koridorda adı çəkilən kağız üzrə təxminən 3,5 mln. AZN məbləğində sövdələşmələr aparılmışdır. Təmin edilmiş ipoteka istiqrazları olan bu kağızın borcunun ödənilməsinə 4 ildən az vaxt qalır.
Xatırladaq ki, PAŞA Bank həmçinin korporativ kağızlara da ilk dəfə olaraq market-meyker xidmətləri göstərməyə başlamışdı. Keçən ilin yekunlarına görə, Bank tərəfindən dörd emitentin (bank və telekommunikasiya sektoru da daxil olmaqla müxtəlif sahələri təmsil edən) təxminən 70,4 mln. AZN məbləğində korporativ istiqrazları buraxılmışdı.
PAŞA Bankın investisiya istiqamətində fəaliyyətinin nəticələri peşəkar ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmiş, bu səbəbdən nüfuzlu "EMEA Finance" beynəlxalq maliyyə jurnalının "Azərbaycanın ən yaxşı investisiya bankı" nominasiyası üzrə mükafatına layiq görülmüşdür. PAŞA Bank yeni emitentlərin buraxılışını təşkil edərək bazarın peşəkar iştirakçısı kimi öz mövqeyini möhkəmləndirməyi davam etdirməyi və qiymətli kağızların bazarını inkişaf etdirməyi planlaşdırır.

https://www.pashabank.az/press_centre,579/lang,az/