21/12/2012
Ölkənin aparıcı banklarından olan PAŞA Bank və Xalq Bank əməkhaqqı layihəsi çərçivəsində xüsusi ATM şəbəkələrinin birgə istifadəsi barədə müqavilə imzalayıblar. Hal-hazırda birləşdirilmiş şəbəkəyə Bakıda yerləşən 25, rayonlarda isə 18 bankomat daxildir.
PAŞA Bank-ın Baş Əməliyyat İnzibatçısı və İdarə Heyətinin üzvü Emil Hacıyevin sözlərinə görə, ATM şəbəkələrinin müştərək istifadəsi xaricdə geniş tətbiq edilir, lakin bizim ölkəmizdə bu ilk dəfə olaraq təcrübədən keçirilir. "Bankın dayrekt-bankinq alətlərinin gələcək inkişafı ilə bağlı strategiyasını nəzərə alaraq və ölkədə nağd pul dövriyyəsinin azaldılmasına öz töhfəsini vermək üçün biz gələcəkdə də daha bir neçə oxşar layihələri reallaşdırmağı planlaşdırırıq" - deyə E.Hacıyev bildirmişdir.