Çap

Press-relizlər

PAŞA Bank Bank of Baku-nun istiqrazlarını 10 mln. AZN məbləğində yerləşdirib

Azərbaycanın aparıcı korporativ banklarından biri olan PAŞA Bank "Bank of Baku" ASC-in istiqrazlarının yerləşdirilməsi üzrə anderrayter və marketmeyker qismində çıxış edib. Emissiyanın ümumi məbləği 10 mln. manat, təminatsız qiymətli kağızların dövriyyə müddəti - 3 il, kupon faiz dərəcəsi - rüblük ödənişlər üzrə illik 12% təşkil edib. Hər vahidinin nominal dəyəri 1000 manat olmaqla cəmi 10000 ədəd istiqraz buraxılmışdır. "Bank of Baku" ASC-in istiqrazlarının Bakı Fond Birjasında (BFB) yerləşdirilməsi PAŞA Kapitalın iştirakı ilə açıq abunə yolu ilə aparılmışdır.
PAŞA Bankın İdarə Heyətinin Üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımovun sözlərinə görə, yerli bazarda artıq ikinci dəfədir ki, bizim bank başqa bir bankın istiqrazlarını yerləşdirir. "Həmçinin bu, bizim tərəfimizdən 7-ci dəfədir ki, 1,5 ildən də az bir müddət ərzində şirkətlərin istiqrazlarını birjada yerləşdiririk. PAŞA Bank yeni emitentlərin buraxılışını təşkil etməklə, peşəkar bazar iştirakçısı kimi öz mövqelərinin möhkəmləndirilməsi istiqamətində fəaliyyətini qurur. Bu da öz növbəsində, qiymətli kağızların bazarının bütövlükdə inkişafına müsbət təsir edəcəkdir. Hər iki bankın komandalarına gördükləri işə görə təşəkkür etmək, və eləcə də "Bank of Baku" ASC-ni uğurlu yerləşdirməyə görə təbrik etmək istərdim" - Taleh Kazımov dedi.
Bank of Baku ASC-nin İdarə Heyətinin Sədr müavini Zaur Qaraisayev öz növbəsində qeyd etdi ki, onun təmsil etdiyi bank cəlb olunan vəsaitlər portfelinin diversifikasiyası üzrə aktiv iş aparır. «10 milyon manat məbləğində istiqrazların buraxılması, fiziki şəxslərin depozitləri və maliyyə institutlarından cəlb olunan vəsaitlər arasında müəyyən balansın yaradılması üçün atılan addımlardan biridir. Qeyd etmək lazımdır ki, istiqrazların müddəti 3 ildir və Azərbaycan bazarı üçün bu kifayət qədər uzun müddətdir. Bu müddət ərzində əsasən fiziki şəxslərdən depozitlər cəlb oluna bilir. Bu istiqrazların buraxılışı qiymətli kağızlar bazarında PAŞA Bank və Bank of Baku ASC arasında həyata keçirilən ilk əməliyyatdır. Azərbaycanın aparıcı investisiya banklarından biri tərəfindən bankımıza göstərilən yüksək etimada görə çox şadıq. Öz növbəmdə PAŞA Bankın bütün komandasına yüksək peşəkarlıq səviyyəsində həyata keçirdikləri işə görə təşəkkürümü bildirmək istəyirəm. Ümidvaram bu əməliyyat təşkilatlarımız arasında gələcəkdə uğurlu münasibətlərin əsası olacaqdır», - Z.Qaraisayev yekunlaşdırdı.
Xatırladaq ki, ötən ilin yekunlarına əsasən, PAŞA Bank tərəfindən 70 mln. AZN-ə bərabər olan 4 emitent korporativ istiqraz vərəqəsi buraxılmışdır. T.Kazımovun qeyd etdiyinə görə, 25 iyun 2012-ci ildə UniLeasing QSC tərəfindən 1,5 il müddətinə buraxdığı 5 mln. AZN məbləğində birinci emissiya bondu ödənilmişdir, daha əvvəl isə, noyabrın 21-də yenə də həmin emitentin analoji məbləğdə illik kağızı ödənilib. "Sonradan iyun kağızı yenidən elə həmin şərtlərlə buraxılmışdır və hazırda gündəlik əsaslarla PAŞA Bank tərəfindən qiymət təyin olunur. PAŞA Bankın marketmeyker kimi çıxış etdiyi istiqraz vərəqələri üzrə bütün qiymət təyin etmələrini Bloomberg, Reuters terminalları vasitəsilə, eləcə də, BFB-nın saytında izləmək olar", - deyə T.Kazımov qeyd etmişdir.
Həmçinin, 2012-ci ilin ortalarında PAŞA Bank 150 mln. ABŞ dolları həcmində "Baghlan Group"un avrobondlarının buraxılışı üzrə ko-menecer rolunda uğurla çıxış etmişdir. İlk dəfə idi ki, Azərbaycanın bank bazarında özəl bank beynəlxalq istiqraz vərəqələrinin böyük həcmdə buraxılışı üzrə ko-menecer rolunda çıxış edirdi. PAŞA Bankın investisiya istiqamətində apardığı işlərin nəticələri peşəkar cəmiyyət tərəfindən yüksək qiymətləndirilmişdir, buna görə də, Bank nüfuzlu beynəlxalq maliyyə jurnalı "EMEA Finance" tərəfindən "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" mükafatına layiq görülmüşdür.

https://www.pashabank.az/press_centre,575/lang,az/