12/12/2012
Bakıda səhmlərin birjada açıq şəkildə yerləşdirilməsi sahəsində ən yeni tendensiyalara və dünyanın inkişaf edən bazarlarında kapitalın cəlb olunması imkanlarına həsr olunmuş konfrans keçirildi.
Tədbirin məruzəçiləri kimi London fond birjasının, Bakı fond birjasının nümayəndələri, KPMG və kapital bazarı üzrə digər ekspertlər çıxış etdi. Azərbaycanın aparıcı banklarından biri olan PASHA Bankı tədbirdə Bankın İdarə Heyətinin üzvü, İnvestisiyalar üzrə Baş Direktor (CIO) Taleh Kazımov təmsil edirdi.
Konfransın iştirakçıları London və Bakı fond birjaları arasında əməkdaşlıq və yerli şirkətlər üçün kapitalın cəlb olunması imkanı, səhm buraxılması vasitəsilə maliyyələşdirmənin cəlb olunmasında hazırkı tendensiyalar, maliyyə əlaqələrinin, şirkətlərin nüfuzunun, investorlarla münasibətlərin zərurəti kimi məsələləri müzakirə etdilər.
Eləcə də, IPO-nun keçirilməsinə hazırlıq və hesabat işlərinə cavabdehlik daşıyan auditor və mühasiblərin rolu, inkişaf templəri, Azərbaycanın kapital bazarlarında baş verən son hadisələr və bir çox başqa məsələlər kimi mövzular da diqqət mərkəzində oldu.
Tədbir təşkilatçıları kimi London fond birjası və KPMG çıxış etdi.