Çap

Press-relizlər

İlin yekunlarına görə PAŞA Bank “Azərbaycanın ən yaxşı bankı” adına layiq görülmüşdür

İngilisdilli "Business New Europe" (BNE) işgüzar jurnalı özünün Eurasian Bank Survey illik araşdırmalarının nəticələrinə yekun vurmuşdur. Nəşrin məlumatına görə, 2012-ci ildə "Azərbaycanın ən yaxşı bankı" adına PAŞA Bank layiq görülmüşdür.
BNE redaksiya kollegiyası qiymətləndirmə regionundakı reytinq agentlikləri analitiklərindən və nüfuzlu agentliklərin nümayəndələrindən əldə edilmiş məlumatlar əsasında Avrasiya bazarlarındakı ən yaxşı bankları müəyyən edir. Nəticələrin yekunlaşdırılması zamanı yalnız maliyyə göstəriciləri deyil, həmçinin maliyyə müəssisələrinin inkişaf strategiyalarının effektivliyi də nəzərə alınır.
Bu il ərzində PAŞA Bank qarşısına qoyduğu bir çox məqsədlərə nail olmuşdur. Belə ki, 2012-ci ildə Azərbaycanda ilk dəfə PAŞA Bank pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə sahəsində beynəlxalq və milli qanunvericilik normalarına riayət olunmasını təmin edən SafeWatch Filtering proqram kompleksini tətbiq etmişdir. Bundan əlavə, Bank Baghlan Group şirkətinin 150 milyon ABŞ dolları həcmində avrobondlar buraxılışının ko-meneceri qismində çıxış etmişdir: bu ana qədər heç bir özəl Azərbaycan bankı belə iri həcmdə beynəlxalq istiqrazların buraxılışının ko-meneceri kimi fəaliyyət göstərməmişdir.
Bunu da qeyd etmək lazımdır ki, Bankın ən böyük uğuru "Standard & Poor's" beynəlxalq reytinq agentliyindən 100 %-lik yerli kapitalla ölkənin bütün özəl bankları arasında ən yüksək reytinq qazanması oldu (eyni zamanda, bu, Azərbaycanın bütün özəl bankları arasında ikinci ən yaxşı reytinqdir) - uzunmüddətli "BB-" və qısamüddətli "B", reytinqin dəyişməsi proqnozu "stabildir". Artıq ilin sonunda PAŞA Bank regionda, beynəlxalq SIBOS 2012 OSAKA sərgi-forumunda eksponent qismində çıxış edən yeganə bank oldu.
İngilisdilli "Business New Europe" işgüzar dərgisi Mərkəzi, Şərqi və Cənub-Şərqi Avropanın 30 ölkəsində, eləcə də MDB ölkələrində oxuculara yayımlanır. 2006-cı ildən nəşr olunan jurnal müxtəlif ölkələrin, o cümlədən Azərbaycan bazarlarının iqtisadi, siyasi və işgüzar tendensiyalarını işıqlandırır.
Xatırladaq ki, 2011-ci ilin yekunlarına görə, digər beynəlxalq maliyyə jurnalı "EMEA Finance" Avropa Bankçılıq Mükafatı (Europe Banking Awards 2011) namizədlərinin siyahısını elan etmişdir və səsvermənin yekunlarına görə, PAŞA Bank "Azərbaycanın Ən Yaxşı İnvestisiya Bankı" nominasiyası üzrə də qalib seçilmişdir.

https://www.pashabank.az/press_centre,570/lang,az/