Çap

Press-relizlər

“PAŞA Bank” işə qəbul elan edir

Bankın İdarə Heyətinin sədri Fərid Axundov öz müsahibəsində hazırda yeni işçilərin cəlb edilməsi, mütəxəssislərin seçim üsulları və işçi kollektivindəki münasibətlər haqqında danışır.

- Cənab Axundov, PAŞA Bank bazarda fəaliyyət göstərdiyi 5 il ərzində təkcə Azərbaycanda deyil, həm də bütün region üzrə bank sektorunda aparıcı iştirakçılardan biri olub. Bu uğurun əsas elementini nədə görürsünüz?

- Mən həmişə əmin olmuşam ki, bizim Bankın əsas üstünlüyü kollektivin peşəkarlığı və əlaqələndirilmiş işidir. Hələ 2007-ci ildən bu bizim əsas məqsədimiz idi - təkcə yerli bazarda deyil, beynəlxalq bazarlarda da rəqabəti təmin edə bilən bir komanda yaratmaq. Qürur hissi ilə qeyd edə bilərəm ki, biz qarşıya qoyduğumuz məqsədlərin çoxuna nail olmuşuq. Biz Bankda peşəkar bir mühit yaradan mütəxəssislər cəlb edə bilmişik ki, burada hər bir işçinin qarşıya qoyulmuş məqsədlərə maksimum dərəcədə nail olmaq imkanları var. İndi, 5 il keçdikdən sonra, biz açıq-aydın başa düşürük ki, bu olmadan bizim müştərilərə keyfiyyətli xidmət təmin etməyimiz qeyri-mümkün olardı.
Qeyd etmək istəyirəm ki, bizim çalışdığımız Bank daim dəyişir: bizim 2012-2014-cü illər üzrə İnkişaf Strategiyamızın həyata keçirilməsi, digər məsələlərlə yanaşı, fəaliyyətimizin regiona yayılmasını və ölkə daxilində genişləndirilməsini nəzərdə tutur. Bunu nəzərdə tutaraq, biz indi iş prosesini optimallaşdırır və işə yeni istedadlı əməkdaşların cəlb olunmasını həyata keçiririk.
Bankın yeni inkişaf istiqamətləri, qiymətli kağızlar bazarında iş, o cümlədən kiçik və orta sahibkarlığı təmsil edən müştərilərə xidmətin canlandırılması, İT-infrastrukturu, İdarəetmə İnformasiya Sistemi (İİS), risklərin idarə olunması, xarici və yerli müştərilərə xidmət keyfiyyətinin optimallaşdırılması və yaxşılaşdırılması üçün proqram təminatının yaradılması və idarə edilməsi kimi şöbələrdə kadr potensialının gücləndirilməsi - yeni əməkdaşların cəlb olunmasının əsas səbəbləridir.

- Bəzi insanlar ölkənin maliyyə sektorunu təmsil edən şirkətdə bir iş əldə etməyin yalnız "tanışlıqla" mümkün olduğunu düşünür ...

- Bu heç bir formada bizim Banka aid deyil. Azərbaycanın bank sektorundakı fəaliyyəti ərzində bizim kadr siyasətimiz dəyişməyib - biz yeni əməkdaşları ədalətli və şəffaf şəkildə işə qəbul edirik. Peşəkar kadrların seçilməsi, o cümlədən internet şəbəkəsi üzrə öz texnologiyamız əsasında biz ilk xarici bölməmizin - PAŞA Bank Gürcüstanın açılmasını da sınaqdan keçirdik. Belə ki, o, tezliklə öz qapılarını müştərilərimizin üzünə açacaq.
Ötən müsahibələrimdə mən demişdim ki, bizdə bu cür irqi, yaş, din, cins və ya əlillik kimi səbəblərlə bağlı ayrı-seçkilik yoxdur. Şərtlər hər kəs üçün eynidir - həm gənc mütəxəssislər, həm də təcrübəli bank işçiləri üçün. Birbaşa namizədlərin seçim prosesinə gəlincə, bu proses üç mərhələdə həyata keçirilir. Bizim saytdakı anketi düzgün doldurduqdan sonra namizədlər onlayn testdə iştirak etməyə dəvət edilir. Bu test əvvəlcədən müəyyən olunmuş bir vaxtda keçirilir ki, onun verilməsi zamanı namizəd dünyanın hər hansı nöqtəsindən prosesə qoşula bilər. İlk mərhələni uğurla keçənləri biz yeni testə dəvət edirik ki, bu mərhələdə namizədlər şəxsən özləri iştirak etməlidirlər. Bu mərhələni keçdikdən sonra isə namizədlərə müsahibənin yeri və vaxtı barədə məlumat verilir.
Qeyd etmək vacibdir ki, bizim Bankda işə daxil olmaq üçün bank təcrübəsinə, iqtisadiyyat və ya maliyyə üzrə diploma malik olmaq heç də məcburi deyildir. Bizim üçün ən önəmlisi, potensial işçinin xarici dil bilməsi, texnoloji baxımdan "hazırlıqlı" şəxs olması və daim yeniliyi öyrənmək istəyində olmasıdır. Bilik və təcrübənin belə bir spektri bizə tamamilə yeni korporativ mədəniyyət yaratmağa imkan verir.

- PAŞA Bank öz əməkdaşlarının peşə və şəxsi inkişafını necə dəstəkləyir?

- Özlüyündə bizim Bankın kollektivin idarə olunmasına yanaşması, yeni istiqamətlər üzrə ehtiyacların ödənilməsi və ya kadrların iş rotasiyası əsasında daxili işçi resurslarının yerləşdirilməsi yolu ilə iş həcminin əhatə olunması, funksiyaların əlaqələndirilməsi və işçilərin məsuliyyətinin artırılması, əsas strateji məqsədlərin həll olunmasında əməkdaşların təşəbbüslərinin stimullaşdırılması kimi prinsiplərə əsaslanır. Əməkdaşların ehtiyaclarını və qərarların qəbul edilməsi zamanı hərəkətverici amil olan onların güclü tərəflərini bilmək onlara lazımi iş şəraiti yaratmağa kömək edir. Bütün bunlar bizim iş kollektivində gözəl bir atmosfer yaradır və bizim Bankın işçilərinə gələcək üçün əminlik hissi aşılayır.
Bu istiqamətdə xüsusi bir siyasət işlənmişdir ki, ona uyğun olaraq bizim hər birimizin Bankın təcrübəli əməkdaşları və digər ölkələrdən dəvət olunmuş mütəxəssislər tərəfindən keçirilən daxili təlim kurslarında iştirak etməklə öz peşə biliklərini artırmaq və təcrübə əldə etmək imkanı var. Bu imkanlara eyni zamanda xarici ölkələrdə keçirilən seminarlar, Böyük Britaniya, İsveçrə, Almaniya, Çexiya, Macarıstan, BƏƏ, İtaliya, Rusiya, Sinqapur və dünyanın bir çox ölkələrində ixtisasartırma kursları və tədris proqramları daxildir.
Biz həmçinin xarici institutlarda öz ixtisası üzrə tam təlim almaq istəyən işçilərimizin istəklərini də öyrənirik. Bu xüsusi proqram bir neçə il bundan əvvəl Bankda hazırlanmış və həyata keçirilmişdir: həmin proqram çərçivəsində bizim işçilərə dünyanın nüfuzlu universitetlərində magistr dərəcəsi almaq üçün güzəştli kredit götürmək imkanı verilir.

- Siz qeyd etdiniz ki, həm gənclər və həm də təcrübəli mütəxəssislər üçün işə qəbul şərtləri eynidir. Lakin bir daha dəqiqləşdirmək istərdik ali təhsil müəssisələrini yenicə bitirmiş təcrübəsiz məzunların PAŞA Bank-a qoşulmaq şansı nə dərəcədədir?

- Biz müəyyən vəzifə üçün zəruri biliklərə malik olan, o cümlədən davamlı peşə və şəxsi inkişafa can atan gənc mütəxəssisləri işə götürə bilərik. Ali məktəb məzunlarının işə qəbulu məsələsinə gəldikdə isə, deyə bilərəm ki, bizim kollektivdə təmsil olunan belə əməkdaşlar var. Onlar bu gün uğurlarını həm magistraturadakı təhsillərində, həm də işdə əlaqələndirməyi bacarırlar. Mənim fikrimcə, burada hər şey namizəddən, onun öz gücünü və imkanlarını optimallaşdırmaq və düzgün ayırmaq motivasiyasından asılıdır.

- PAŞA Bank-da mütəxəssislərin növbəti işə qəbul prosesi nə zaman başa çatır?

- İşə qəbul üzrə ətraflı informasiyanı bizim rəsmi saytda "Karyera" bölümündə tapa bilərsiniz. İşə qəbul prosesi bu il noyabr ayının 30-da başa çatır. Oxuculardan öz zəruri istedadına, biliyinə güvənən və komandamızın bir üzvü olmaq arzusunda olanları bizdə öz güclərini sınamağa dəvət edirik.

https://www.pashabank.az/press_centre,568/lang,az/