05/10/2012
4-5 oktyabr tarixlərində Azərbaycan Mikromaliyyə Assosiasiyası (АМFА) mikromaliyyələşdirmə üzrə 6-cı Azərbaycan konfransını keçirmişdir.
Əsas sposnsorlardan biri PAŞA Bank olan bu tədbirdə müasir dövrün bir çox aktual məsələləri, o cümlədən ölkənin beynəlxalq "Doing Business" reytinqində yeri, Azərbaycanda işgüzar mühit, ölkəmizdə mikromaliyyələşdirmənin gələcəyi müzakirə edildi. İştirakçılar həmçinin daşınar əmlakın reyestrinin yaradılması, bu istiqamətdə Beynəlxalq Maliyyə Korporasiyası ilə əlaqə, gənc sahibkarlarla əməkdaşlıq və digər məsələlərə də diqqət yetirdilər. Konfransın son sessiyası mikromaliyyə təşkilatlarının böhrandan sonrakı dövrdə üzləşdikləri problemlərin müzakirəsinə, həmçinin risklərin idarəedilməsi üzrə optimal strategiyanın axtarışına həsr edildi.
Konfransın natiqlərindən biri, PAŞA Bankın Kredit risklərinin idarəedilməsi şöbəsinin meneceri cənab Yalçın Abdullayevin öz nitqində qeyd etdiyi kimi, bu cür tədbirlərdə iştirak həddindən artıq vacibdir. "Bankın mikrokreditləşdirmə ilə məşğul olmamasına baxmayaraq, biz kreditləşmə və risklərin idarəedilməsi sahəsində təcrübəmizi birbaşa müştərilərimiz - bank olmayan kredit və mikromaliyyə təşkilatları ilə bölüşdürməyi vacib sayırıq. İstənilən Bank öz müştəriləri arasında həm kredit verməyi, həm də öz kredit portfelinə nəzarət etməyi, o cümlədən riskləri müəyyən etməyi, idarəetmə təcrübələrini rasionallaşdırmağı və risklərini minimuma endirməyi bacaran şirkətləri görmək istərdi. Ona görə də, biz bu konfransda fəal iştirak edir, topladığımız təcrübə ilə bölüşür, öz təcrübəmizdən bir neçə əyani nümunələri nümayiş etdirir, o cümlədən risklərin diversifikasiyası və mikrokreditləşdirmə sektorunda fəaliyyət səmərəliliyini artırmaq məqsədi ilə mikromaliyyələşdirmə təşkilatları ilə əlaqə imkanlarını və perspektivlərini müzakirə edirik" - Y. Abdullayev qeyd etdi.
Qeyd etmək lazımdır ki, 2 gün davam edən bu tədbirdə yüzdən artıq dövlət və özəl sektor nümayəndələri, həmçinin xarici nümayəndələr iştirak etmişdir.