28/09/2012
"Port Baku" biznes mərkəzində "PAŞA Bank"ın yeni şöbəsinin rəsmi açılış mərasimi olub. Bankın bu şöbəsində bank xidmətlərinin tam kompleksindən istifadə etmək mümkündür. Xüsusilə, burada müştərilər kredit və depozit məhsulları, hesablaşma-kassa xidməti, bank kartlarının verilməsi və onlara sonrakı xidmətlər, kapital bazarına çıxmaq üçün dəstək, ticarətin maliyyələşdirilməsi məsələləri və bir çox başqa xidmətlər əldə edə bilərlər.
Təntənəli açılış mərasimində çıxış edən "PAŞA Bank"ın İdarə Heyətinin sədri Fərid Axundov qeyd edib ki, yeni şöbənin fəaliyyətə başlaması Bankın kiçik və orta sahibkarlıq nümayəndələri ilə bağlı işi üzrə yaxınlarda elan etdiyi planlarına tam uyğundur. "Həmişə olduğu kimi, "PAŞA Bank" hər bir müştəriyə fərdi yanaşma, Bank ilə müştəri arasında maraqların tarazlığını nəzərdə tutan qarşılıqlı tərəfdaşlıq münasibətlərinin inkişafı ilə fərqlənəcək", - deyə F. Axundov bildirib.
Beləliklə Bankın şöbələrinin ümumi sayı 4-ə çatmışdır.