29/08/2012
Ötən həftə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri Günay Miriyeva və Murad Həmidov Azərbaycanın ən böyük banklarından biri olan PAŞA Bank tərəfindən həyata keçirilən "Gənclər və tələbələrə dəstək" layihəsinin tərkib hissəsi kimi Londonun məşhur universiteti King's Collegedə təşkil olunmuş Yay Məktəbində təhsillərini başa vurdular. Seçim prosesinin necə həyata keçirildiyi və təlim barədə baş qəhrəmanların özlərindən öyrənək.

- PAŞA Bank tərəfindən tələbələr üçün təşkil edilən yarışmanın bütün seçim mərhələlərini keçərək qalib gəlmək nə dərəcədə çətin idi?
Günay: - Müsabiqədə iştirak etmək üçün mən "Dünyanın bugünkü üç ən aktual problemi" mövzusunda inşa yazdım və ikinci tura keçdiyimi öyrənəndə çox sevindim. Bu mərhələdə seçim müsahibə formatında keçirilirdi və mən onu uğurla başa vurdum. Son tur da müsahibə şəklində keçirildi, lakin həmin müsahibədə PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov da iştirak edirdi: bu turda iştirakçılara ölkəmizin gələcəyi haqqında suallar və cavab üçün məhdud vaxt verildiyindən, həmin tur ən çətini idi.
Murad: - Müsabiqədən əvvəl, mən qalib gəlməyi qarşıma məqsəd qoymuşdum, lakin, akademik nailiyyətlərimə baxmayaraq, elə ilk mərhələdə layihənin bütün 95 iştirakçısı tərəfindən kəskin rəqabət hiss etdim. Buna baxmayaraq, bütün mərhələləri keçdim və final mərhələsində yeddi finalçı arasında oldum. Son mərhələ ən çətini idi və mən bu müsabiqənin qalibi olduğumu öyrənəndə keçirdiyim hissləri tam şəkildə ifadə edə bilmirəm. Bu təsvir edilməsi mümkün olmayan bir duyğu idi.

- Hesab olunur ki, dünyanın ən yaxşı 30 universiteti siyahısına daxil olan bu universitet, təkcə əla bilik almaq deyil, həm də, özünü çoxmillətli tələbə cəmiyyətinin bir hissəsi hiss etmək imkanı verir...
Günay: - Həqiqətən, bu belədir. Keyfiyyətli tədris prosesi və digər üstünlükləri ilə yanaşı, mən orada müxtəlif insanlarla görüşdüm, onlardan çox faydalı şeylər öyrəndim və eyni zamanda yeni dostlar tapdım. Ən əhəmiyyətlisi isə əmin oldum ki, təhsil təkcə çətin proses deyil, həm də, çox maraqlı prosesdir.
Murad: - King's College yay məktəbində 69 ölkədən tələbələr iştirak edirdi və bu ünsiyyət şəbəkəsi və münasibətlər, biz bir-birimizlə yaratdığımız əlaqələr mənim üçün dəyərli təcrübə idi. Təbii ki, bunda universitet müəllimlərinin də böyük əməyi olmuşdur - bütün dərslər interaktiv və çox maraqlı idi. Həmin 6 həftə ərzində əldə olunmuş biliklər, bəlkə də, gələcək əmək fəaliyyətimizin və karyera pillələri ilə yüksəlməyimizin təməlini qoyacaq.

- PAŞA Bank təhsil layihələrinin həyata keçirilməsini davam etdirməyi planlaşdırır. Bankın növbəti oxşar proqramlarında iştirak edə biləcək həmyaşıdlarınıza hansı "sirləri" açardınız?
Günay: - Mən çox şadam ki, Azərbaycanda gəncləri həvəsləndirmək üçün səy göstərən PAŞA Bank kimi belə bir bank var. İnşa müsabiqəsi mənə çox müsbət təsir etdiyindən, mən özüm də Bankın gələcək yeni layihələrində iştirak etmək istəyirəm. "Sirlərə" gəlincə, hesab edirəm ki, bu, sizin özünüzü bu və ya digər vəziyyətdə necə aparmağınızdan asılıdır. Yenə də, mənə kömək etmiş bir neçə məsləhət verə bilərəm. 
Əvvəla, qalib olmaq ehtimalına inanmaq lazımıdır və bu avtomatik olaraq sizə güvən bəxş edəcək. İkincisi, bütün yaradıcılığınızdan "tam" şəkildə istifadə etməlisiniz. Nəhayət, rəqibləriniz barədə heç vaxt düşünməməlisiniz, əksinə, sizi xüsusi namizədə çevirəcək keyfiyyətləri necə nümayiş etdirə biləcəyiniz haqqında düşünməlisiniz.
Murad: - Mən PAŞA Bank tərəfindən həyata keçirilən bütün layihələr barədə geniş məlumata malikəm. Qeyd etmək lazımdır ki, həmin layihələr öz potensialını tam gücü ilə reallaşdırmaq istəyən tələbələr üçün çox zəruridir. Mən öz həmyaşıdlarıma mətin olmağı və sonadək mübarizə aparmağı məsləhət görə bilərəm. Uğur əldə etmək həmişə çətinliklə başa gəldiyindən, özünə və öz gücünə inanmaq lazımdır. Belə olan halda, bu cür müsabiqələr və digər sınaqlarda qəlib gəlmək özünü çox gözlətməyəcək.

- Sonda, xaricdə tədris metodlarının əsas fərqlərini necə izah edərdiniz?
Günay: - Məsələn, Strateji İdarəetmə kursu zamanı, biz müəllimimizlə məşhur "Oracle" şirkətinə getdik. Səfərimiz çox məhsuldar oldu, çünki, nə vaxtsa müəllimimizin tələbəsi olmuş şirkətin vitse-prezidenti bizim qarşımızda çıxış etdi. Həmçinin, bizdən böyük kreativlik tələb edən bir çox praktiki tapşırıqlar da var idi: Məsələn, Marketinq kursunda biz yeni biznes yaratmalı idik. Təzə bir fikir tapmaq çətin idi, lakin, biz tapşırığın öhdəsindən gəldik əla təqdimatla çıxış etdik. Mənim fikrimcə, xüsusilə böyük fərq psixoloji amillərdə idi. Orada, tələbələr özlərini çox rahat hiss etdiklərindən və öz fikirlərini ifadə etməyə tərəddüd etmədiklərindən, mühazirələrdə daha fəal iştirak edirdilər.
Murad: - King's College-də praktiki biliklərə və real dünyadakı biznes təcrübələrinə böyük diqqət yetirirlər. Demək olar ki, hər gün müxtəlif iri beynəlxalq şirkətlərə səfər edir, onların işi ilə "real zamanda" tanış olurduq. Digər fəaliyyətlərlə yanaşı, biz şirkətlərin yüksək vəzifəli rəhbərləri ilə birbaşa ünsiyyətə girərək onların təcrübəsini öyrənir və bir çox digər imkanlardan yararlanırdıq. Mənim fikrimcə, bütün bunlar sözü gedən təhsil müəssisəsinin məzunlarının uğurlu karyera qurmasında böyük rol oynayır.