28/06/2012
Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank bu yaxınlarda "Bahar" və "Qum dəniz" yataqlarının operatoru "Bahar Energy Limited" şirkətinin 33,33% payını əldə etmiş "Baghlan Group"un 150 milyon ABŞ dolları məbləğində avrobond buraxılışının birgə idarə etmə vəzifəsini uğurla yerinə yetirmişdir. Bu sazişdə iştirak etməklə Bank Azərbaycanda borc öhdəliklərinin buraxılışını birgə idarə etmiş ilk özəl bank olmuşdur.
Sazişin aparıcı meneceri BNP Paribas idi. Beynəlxalq eyniləşdirmə kodu XS0780263165 olan avrobondun kupon üzrə faiz dərəcəsi 14,75%, ödəmə müddəti 3 ildir, kredit üzrə faizlərin hesablanması isə 27 iyun tarixində başlayıb.
PAŞA Bank 2011-ci ilin əvvəlindən borc öhdəlikləri üzrə xidmətlərin təşkilinə başlayandan bəri ümumi məbləği 90 milyon ABŞ dolları olan dörd emissiyaya investisiya qoymuşdur. Emitentlər sənayenin müxtəlif sahələrini, o cümlədən daxili ticarət bankı və bir telekommunikasiya şirkətini təmsil edirdilər.
Bank gələcərdə yeni emitentlərin buraxılışını təşkil etmək və eləcə də qiymətli kağızların təkrar bazarını inkişaf etdirməklə, bazarın peşəkar iştirakçısı kimi öz mövqelərini möhkəmləndirməyi planlaşdırır.