26/06/2012
Bu həftə Azərbaycan Diplomatik Akademiyasının kitabxanasında Baba Ağayevin və Marina Ulinyukun birgə yazdıqları "Müsahibədən keçənlər və müsahibə götürənlər" adlı kitabının təqdimatı keçirildi. Bu topluda işəgötürənlə aparılan müsahibə zamanı ən çox yol verilən səhvlər və onların aradan qaldırılması; işə qəbul zamanı yaxşı ünsiyyət yaratmağın yolları göstərilir, işə qəbulun bir çox başqa sirləri barədə məlumat verilir.
Tədbirin açılışında nəşrinin rəsmi sponsoru, PAŞA Bankın ictimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasova qeyd etmişdir ki, bu cür layihələrin həyata keçirilməsinə dəstək verilməsi Bankın korporativ sosial məsuliyyət Proqramında əsas istiqamətlərdən biridir. Sona Abbasova xüsusi vurğulamışdır: "Belə hesab edirik ki, ən gəlirli investisiya, sabah ölkə iqtisadiyyatının "sükanı" arxasına duracaq bu gün yuxarı siniflərdə təhsil alan şagirdlərin və tələbələrin, yəni Azərbaycan gənclərinin biliyinin artırılmasına, öz qabiliyyət və səriştələrini inkişaf etdirməyə yönəldilmiş investisiyadır. Bu prosesə dəstək göstərmək isə bizim prioritetlər sırasına daxildir".
Qeyd etmək lazımdır ki, müəlliflər B. Ağayev və M. Ulinyuk kitabda, həmçinin Azərbaycanda fəaliyyət göstərən PAŞA Bank, ARDNŞ, PwC, Ernst & Young, Golden Pay və s. bu kimi aparıcı şirkətlərin və xarici firma nümayəndəliklərinin kadrlar şöbəsi rəhbərlərinin apardıqları ayrı-ayrı müsahibələrdən götürülmüş dəyərli materiallardan istifadə etmişlər.