Çap

Press-relizlər

Tələbələr arasında ən yaxşı məqalə müsabiqəsi başa çatmışdır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) konfrans zalında "Azərbaycan 2020: inkişaf strategiyasında kapital bazarlarının missiyası" mövzusunda ən yaxşı məqalə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilmişdir.
"Qafqaz" və "Xəzər" Universitetlərinin, eləcə də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbələri arasında müsabiqə QKDK-nin təşkilati dəstəyi və PASHA Bankın maliyyə dəstəyi ilə keçirilmişdir.
Müsabiqənin başlıca məqsədi iqtisadi sahədə təhsil alan tələbələr arasında kapital bazarı ilə bağlı peşəkarlıq səviyyəsinin və məlumatlılığın artırılması, bu sahəyə marağın gücləndirilməsi idi.
QKDK Aparatının rəhbəri Bəxtiyar Əzizov və PASHA Bankın İdarə Heyətinin üzvü Taleh Kazımov öz giriş nitqlərində bu fikrə şərik olduqlarını ifadə etmişlər ki, "2011-2012-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər yaxşı nəticələr vermişdir və bu proses davam etməkdədir. Tələbələr arasında məqalə müsabiqəsinin keçirilməsi isə, rəsmi şəxslərin də qeyd etdikləri kimi, bu, gənclərin biliklərinin dərinləşməsinə şərait yaradır və gələcəkdə uğurla işə qəbul edilmələrində onlara yardımçı olacaq.
Qeyd edək ki, müsabiqədə iştirak etmiş tələbələrin sayı 30-dan artıq olmuşdur. 1-5-ci yerləri tutmuş iştirakçılar 2-3 ay ərzində QKDK-də təcrübə keçmək imkanı qazanmışlar. Müsabiqənin qalibləri isə, ilk üç yeri tutmuş tələbələr həm də şəhadətnamələr, qiymətli hədiyyələr və müvafiq olaraq 700, 500 və 300 manat məbləğində pul mükafatları ilə təltif edilmişlər.

https://www.pashabank.az/press_centre,545/lang,az/