14/05/2012
«Bridge Plaza» biznes mərkəzində PAŞA Bankın yenilənmış şöbəsinin rəsmi açılışı olmuşdur. Yeni ofisin başlıca vəzifəsi Bankın tərəfdaşlarına bütün müasir məhsul çeşidlərinin təqdim olunması üçün müvafiq infrastrukturun təmin edilməsi və müştərilərə göstərilən bank xidməti standartlarının yüksəldilməsidir.
Təntənəli açılış mərasimində PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundovun bildirdiyi kimi, Bankı həmişə hər bir müştəriyə fərdi yanaşmaq, məsələlərin həllindəki çeviklik, Bank ilə Müştəri arasında maraqların tarazlığını nəzərdə tutan qarşılıqlı tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi fərqləndirmişdir.
"Bugünkü hadisə ilə Bank müştərilərə göstərdiyi xidmətin səviyyəsinə ciddi münasibət bəslədiyini növbəti dəfə təsdiq edir. Əminəm ki, tərəfdaşlarımız bunu layiqincə qiymətləndirəcək və onlar PAŞA Bankın bu gün təqdim etdiyi bütün innovasiyalardan fəal şəkildə faydalanacaqlar, - F.Axundov bildirmişdir. - Bununla yanaşı, biz tezliklə Bankın "Port Baku" kompleksində də yeni şöbəsinin rəsmi açılışını keçirməyi planlaşdırırıq".
PAŞA Bankın «Bridge Plaza»dakı yeniləşdirilmiş ofisinin konsepsiyası maksimum dərəcədə açıq məkan, sadə və başa düşülən naviqasiya, müasir dizayn ilə fərqlənir. Bankın yeni şöbəsi kompleks maliyyə xidmətlərini təqdim etməyə hazırdır: müştərilər kredit məhsulları, hesablaşma-kassa xidməti, kapital bazarına çıxmaq üçün dəstək, ticarətin maliyyələşdirilməsi və bir çox digər xidmətləri əldə edə bilərlər.