14/05/2012
Mart ayında elan edilmiş PAŞA Bank təqaüd proqramının qalibləri - Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr Bankın İdarə Heyətinin sədri Fərid Axundovla görüşə dəvət olunmuşlar.
Qeyri-rəsmi şəraitdə keçən görüş zamanı tələbələr Bank rəhbərinə müxtəlif məsələlərlə bağlı suallar verə bildilər. Təqaüdçülər PAŞA Bankın iş prinsipləri, onun missiyası və dəyərləri, əməkdaşlara olan tələbləri, eləcə də Bankın bazarda fəaliyyətinin gələcək perspektivləri barədə məlumat əldə etdilər.
Bankçılıq sahəsində zəngin iş təcrübəsinə malik F. Axundov bu sektorun müasir inkişaf meyilləri və problemləri barədə tələbələri maraqlandıran bütün suallara öz nöqteyi-nəzərini əks etdirən müfəssəl cavablar verdi. PAŞA Bankın rəhbəri Bankın kadr resurslarını daim genişləndirmək və kollektivə gənc mütəxəssisləri cəlb etmək səylərini qeyd edərək tələbələrin diqqətini belə bir fakta yönəltdi ki, indiki şəraitdə uğurlu karyera qazanmaq üçün dərin bilik və geniş dünyagörünüşü ilə bərabər, həm də kreativ düşünmək qabiliyyəti tələb olunur.
Öz növbəsində, tələbələr də F. Axundova öz planları barədə məlumat verdilər, həyata keçirmək arzusunda olduqları layihələrə dair fikirlərini bölüşdülər. Ümumiyyətlə, söhbətdə iştirak edənlərin fəallığı bir saatdan çox davam edən görüşü çox məzmunlu etdi, elə buna görə iştirakçılar qeyri-rəsmi ünsiyyətin xüsusi səmərəliliyini qeyd etdilər. Görüş iştirakçıları belə bir fikrə gəldilər ki, bu cür tədbirlər gələcəkdə də davam etdirilməlidir.