Çap

Press-relizlər

PAŞA Bankın dəstəyi ilə tələbələr arasında ən yaxşı məqalə müsabiqəsi keçirilir

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) təşkilatçılığı və PAŞA Bankın maliyyə dəstəyi ilə Qafqaz, Xəzər və Azərbaycan Dövlət İqtisad Universitetlərinin bakalavr və magistr dərəcəli tələbələri arasında "Azərbaycan 2020: "İnkişaf strategiyasında kapital bazarlarının missiyası" mövzusunda ən yaxşı məqalə müsabiqəsi keçirilməsinə start verilmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd QKDK-nın "2011 - 2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı" Dövlət Proqramı çərçivəsində kapital bazarlarında yüksək peşəkarlığın və məlumatlılığın yüksəldilməsi, iqtisadi sahədə biliklər alan tələbələr arasında bu sahəyə marağın artırılmasıdır.
Bununla əlaqədar olaraq, QKDK müsabiqə üçün 12 universitet arasında yalnız 3-ünü (Qafqaz, Xəzər və İqtisad Universitetləri) seçmişdir. Həmin universitetlərdə müsabiqənin elanı ilə bağlı rəhbərliyin iştirakı ilə görüşlər keçirilmişdir.
Müsabiqəyə məqalələrin qəbulu 15 may 2012-ci il tarixinədək davam edəcək. Qaliblər müvafiq yerlərə uyğun olaraq, 700 manat, 500 manat, 300 manat məbləğində pul mükafatı, sertifikatlar və hədiyyələr əldə edəcəklər. Bundan əlavə müsabiqədə 1-5-ci yerləri tutan iştirakçılar 3 ay müddətində QKDK-da iş təcrübəsi keçmək imkanı əldə edəcək.
Müsabiqənin "Keçirilmə və qiymətləndirilmə Qaydaları" QKDK-nın rəsmi internet səhifəsində (www.scs.gov.az) yerləşdirilmişdir.

https://www.pashabank.az/press_centre,538/lang,az/