03/05/2012
Aprel ayının ortalarında maliyyə və iqtisadiyyat yönümlü mövzuları işıqlandıran KİV təmsilçilərinin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi üzrə üçillik Proqram başa çatmışdır.
Azərbaycan Media Mərkəzi, British Council, Thomson Foundation (İngiltərə) və ölkəmizin aparıcı banklarından olan PAŞA Bankın birgə həyata keçirdiyi Proqram çərçivəsində azərbaycanlı jurnalistlər Böyük Britaniyaya səfər etmiş, orada iri maliyyə qurumlarının iş prinsipləri ilə əyani şəkildə tanış olmuş və bu ölkənin əsas kütləvi informasiya vasitələrinin nümayəndələrinin peşə təcrübəsi ilə əyani tanış olmaq imkanı qazanmışlar.
14-22 aprel tarixində baş tutmuş səfər zamanı kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycanın Böyük Britaniyadakı səfiri Fəxrəddin Qurbanov, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa, Mərkəzi Asiya, Qafqaz və Türkiyə şöbəsinin rəhbəri Olivye Dekam, London Fond Birjasının Rusiyada və MDB-də biznesin inkişafı üzrə baş meneceri Con Edvards və digər mütəxəssislər ilə görüşmüşlər.
Azərbaycan jurnalistlərinin öz ingilis həmkarları ilə görüşü Proqramın birinci mərhələsinin əsas hissəsi oldu. Ölkəmizin kütləvi informasiya vasitələrinin təmsilçiləri Böyük Britaniyanın BBC telekanalı və ölkənin ən qədim qəzetlərindən olan The Guardian kimi aparıcı KİV jurnalistləri, o cümlədən 1975-1995-ci illərdə The Guardian qəzetinin baş redaktoru vəzifəsində çalışmış Piter Prestonla görüşlər keçirdilər.
PAŞA Bankın İctimaiyyətlə əlaqələr və marketinq departamentinin direktoru Sona Abbasova Proqramın birinci mərhələsinin başa çatmasını şərh edərək bildirmişdir ki, Bank KİV-lə fəal və məhsuldar əməkdaşlığa böyük önəm verir. S. Abbasovanın sözlərinə görə: "Bu Proqram Azərbaycanın kütləvi informasiya vasitələri təmsilçilərinə əlavə təlim keçilməsinə və onların ixtisasının təkmilləşdirməsinə yönəldilmişdir. Biz gözləyirik ki, bu layihədə iştirakımız iqtisadi və maliyyə mövzularını işıqlandıran KİV nümayəndələrinin mütəxəssis kimi peşə hazırlığının təkmilləşdirilməsinə müsbət təsir göstərəcək və inkişaf üçün yeni imkanların axtarılmasına stimul verəcək".
Xatırladaq ki, biznes jurnalistikasının inkişafı üzrə ötən ilin ortalarında elan edilmiş Proqram çərçivəsində yeddi jurnalist seçilmişdi. "AzərTac" və "Turan" xəbər agentlikləri, "Space" və "ANS" telekanalları, "Azadlıq" radiosu və qəzeti, eləcə də "Modern.az" xəbərlər internet portalı kimi KİV təmsilçiləri bu Proqramın iştirakçıları olmuşlar