Çap

Press-relizlər

Esse yarışmasının final mərhələsinə çıxmış iştirakçıların mükafatlandırılması mərasimini keçirmişdir

"PAŞA Bank" ASC Norveç Səfirliyi ilə birlikdə "Korporativ reputasiya: şirkətlərin etibarlılığı nədən bu qədər vacibdir?" mövzusundakı esse yarışmasının final mərhələsinə çıxan iştirakçıların mükafatlandırılması mərasimini keçirmişdir.
"PAŞA Bank" ASC-nin İdarə Heyətinin Sədri Fərid Axundov, Norveç Krallığının Fövqəladə və Səlahiyyətli Səfiri zati-aliləri cənab Erlinq Skjonsberq, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və media nümayəndələrinin qatıldığı tədbir səfirin giriş sözləri ilə başlandı. Səfir bildirdi ki, Norveç Azərbaycanla dostluq münasibətlərinə böyük önəm verir və bu münasibətlərin inkişafında gənc nəslin rolunu yüksək qiymətləndirir. 
E.Skjonsberq final mərhələsinə çıxan iştirakçıları təbrik etdi, onlara gələcək həyatlarında yeni-yeni uğurlara imza atmağı arzuladı. Səfir "PAŞA Bank" ASC-nin yarışmanı olduqca yüksək səviyyədə təşkil etdiyini qeyd etdi və Norveçdə təhsilin qaliblər üçün gözəl mükafat olduğunu vurğuladı.
Xoş sözlərinə görə E.Skjonsberqə minnətdarlığını bildirən F.Axundov tədbir iştirakçılarını salamladı. Sədr bildirdi ki, bu esse yarışması "PAŞA Bank" ASC-nin sosial cavabdehlik proqramı çərçivəsində İctimaiyyətlə əlaqələr və Marketinq departamenti tərəfindən həyata keçirilən növbəti layihədir. F.Axundov final mərhələsinə çıxan bütün iştirakçıların tutduğu yerdən asılı olmayaraq artıq qalib olduqlarını qeyd etdi və onları təbrik etdi. 
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov maraqlı esse yarışması təşkil etdiklərinə görə "PAŞA Bank" ASC və Norveç Səfirliyini təbrik etdi və gələcəkdə də gənclər qarşısında yeni horizontlar açan bu cür layihələrə məmnuniyyətlə dəstək olacağını bildirdi.
Tədbirin yekunu olaraq F.Axundov və E.Skjonsberq iştirakçılara hədiyyələri təqdim etdi və xatirə şəkilləri çəkdirdi. 

https://www.pashabank.az/press_centre,529/lang,az/