19/09/2014
Azərbaycanın aparıcı banklarının nümayəndələri, ölkənin Mərkəzi bankının, Banklar Assosiasiyasının və Bakı Fond Birjasının yüksək vəzifəli şəxsləri 16-18 sentyabr tarixlərində Azərbaycandan ticarət missiyasının tərkibində Dubaya səfər ediblər. Ölkənin iş adamlarından ibarət nümayəndə heyətinə Azərbaycanın ən iri banklarından biri – PAŞA Bankın İdarə Heyətinin sədri Fərid Axundov başçılıq edib.
Dubayın bankirləri və iş adamları ilə müzakirələrin əsas mövzusu bank sahəsində ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsi, maliyyə xidmətləri sahəsində təcrübə mübadiləsi və s. olub. İkitərəfli danışıqlar çərçivəsində PAŞA Bankın başçısı Azərbaycanın bank sektorunun inkişafı haqqında məruzə ilə çıxış edib, bazarın xarici sərmayəçilər üçün təklif etdiyi investisiya imkanlarından və ölkənin bank sektorunun digər nailiyyətlərindən danışıb.
Qeyd edək ki, Azərbaycan bankirlərinin BƏƏ-yə üçgünlük rəsmi səfəri Dubay ticarət-sənaye palatasının Azərbaycan nümayəndəliyi tərəfindən təşkil olunub.