29/09/2014
8 sentyabr 2014-cü il tarixindən etibarən PAŞA Bankın https://ib.pashabank.az ünvanında yerləşən "İnternet Bank" sistemində artıq "Asan İmza" mobil elektron imzanın istifadəsi mümkündür.
PAŞA Bank özünün "İnternet Bank" sistemi vasitəsilə müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təklif edir. Belə ki, sistem üzərindən bankın müştəriləri yerli və beynəlxalq ödənişlər və valyuta konvertasiyası, bankın nümayəndəsi ilə özəl ismarıc sistemi üzərindən məlumat mübadiləsi, hesabdakı qalıqlara və valyuta məzənnəsinə dair məlumatların əldə edilməsi, aparılmış tranzaksiyaların arxivləşdirilməsi və s. əməliyyatları həyata keçirə bilərlər.
"Tezliklə rəqəmli imzanın istifadəsi ölkənin bank sektoru üçün məcburi olacaq. Biz, zamanla ayaqlaşmağa, ən yeni texnologiyaları tətbiq etməyə çalışırıq və rəqəmsal imzanın Bankın müştərilərini əməliyyatların aparılmasında daha böyük rahatlıq və təhlükəsizliklə təmin edəcəyinə əminik" - deyə, PAŞA Bankın dayrekt-bankinq Departamentinin direktoru Leyla Məmmədova bildirdi.
"Son zamanlara qədər Bankın müştərilərinin eyniləşdirilməsinin texnoloji imkanları və ölkənin qanunvericiliyi arasında uyğunsuzluqlar mövcud idi. "Asan İmza" kimi xidmətin yaranması isə Bankın müştərilərinə təhlükəsizliyə xələl gətirmədən, Banka gəlmədən bank xidmətlərindən istifadə etmək, o cümlədən müqavilələri imzalamaq imkanı verir. Beləliklə, bank bazarında texnoloji cəhətdən avanqardda olan PAŞA Bank gələcəkdə də öz müştərilərini bu növ müasir həllərin tətbiqi ilə sevindirəcək" -deyə PAŞA Bankın bank sistemlərinin inkişafı Departamentinin direktoru Fuad Aslanov qeyd etdi.
"Asan İmza" texnologiyası onlayn bankçılıq xidmətlərini genişləndirməyə imkan verən bir sıra əhəmiyyətli üstünlüklər təqdim edir. Bunlardan ən başlıcası "Asan İmza"nın Azərbaycan Respublikasının qanunvericiliyi nöqteyi-nəzərindən yeganə qanuni mobil elektron imza həlli olması və elektron mühitdə avtorizasiyanın və sənədlərin imzalanmasının rahatlığını, yüksək etibarlılığını və təhlükəsizliyini təmin etməsidir.