30/09/2014
Sentyabrın 29-da Bostonda (ABŞ) SIBOS 2014 36-cı Beynəlxalq maliyyə sənayesi forumu start götürüb. Bu, dünyanın iri banklarını, maliyyə təşkilatlarını, maliyyə sənayesi üçün avadanlıq hazırlayanları və təchizatçıları təmsil edən minlərlə nümayəndəni hər il bir araya toplayan ən böyük bank tədbiridir. 2013-cü ildə olduğu kimi, tədbirdə regionun yeganə, eksponent qismində çıxış edən təmsilçisi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankdır.

Hər il Forum çərçivəsində maliyyə və texnologiyalar sahəsində qlobal məsələlərə həsr olunmuş bank konfransı keçirilir. Planlaşdırılan sessiyalar zamanı bank mütəxəssislərinə, maliyyə təşkilatları və birliklərinə fəaliyyətin yeni istiqamətlərini, o cümlədən yeni maliyyə xidmətlərinin inkişafını, kapital və investisiyaların hərəkətini və s. müzakirə etmək imkanı veriləcək. Bu il forumun fəxri qonağı Microsoft şirkətinin Direktorlar şurasının sədri Bill Geyts olacaq. O, yekun plenumda nitqlə çıxış edəcək.

PAŞA Bankın İdarə Heyətinin Sərdi Fərid Axundov qeyd etmişdir ki, "SIBOS - bizim üçün çox mühüm tədbirdir, çünki biznesin aparılması və beynəlxalq maliyyə sənayesinin gələcəyinin formalaşdırılması məsələlərinin müzakirəsi üçün dünyanın aparıcı maliyyə institutlarının, iri korporasiyalarının və texnoloji şirkətlərinin nümayəndələri hər il məhz buraya toplaşır. PAŞA Bankın bu cür tədbirlərdə iştirakı bizə sektorun aparıcı şirkətləri ilə işgüzar münasibətlər qurmağa və dünyanın ən yaxşı banklarının təcrübəsini mənimsəyərək, sonradan onları Azərbaycan bazarında tətbiq etməyə imkan verir. Eyni zamanda, burada iştirak Azərbaycanın iqtisadi və maliyyə sahələrində nailiyyətlərini nümayiş etdirmək üçün çox gözəl imkandır - belə ki, bu forumda biz təkcə özümüzü deyil, bütün ölkəni təmsil edirik".

Qeyd edək ki, bu, PAŞA Bankın fəal iştirak etdiyi sayca 5-ci beynəlxalq SIBOS forumudur. Ümumdünya İnterbank Maliyyə Telekommunikasiyaları Birliyinin (Society For Worldwide Interbank Financial Telecommunication, SWIFT) təşkilatçısı olduğu Forum növbəti ildə Sinqapurda keçiriləcək.