Çap

Press-relizlər

“PAŞA Bank” Azərbaycanın ali təhsil müəssisələrində oxuyan tələbələr arasında təqaüd almaq üçün Müsabiqə elan edir

Sosial məsələlərdə fəal təşkilat olan, o cümlədən istedadlı gənclərə dəstək göstərmək siyasəti həyata keçirən "PAŞA Bank" Azərbaycanın ali təhsil müəssisələrində oxuyan tələbələr arasında təqaüd almaq üçün Müsabiqə elan etmişdir.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə həyata keçirilən bu layihə yerli ali təhsil müəssisələrinin istedadlı və ictimai cəhətdən fəal tələbələrini həvəsləndirməyə, özəl və dövlət sektorları üçün güclü kadr ehtiyatının formalaşdırılmasına yönəldilmişdir. "PAŞA Bank"da əmindirlər ki, bugünkü fəal və uğur qazanan tələbələr sabah sadəcə olaraq öz istiqamətləri üzrə yalnız yüksək ixtisaslı kadrlar kimi deyil, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafında əsas aparıcı qüvvə olacaqlar.
Təbii ki, müxtəlif səviyyəli müsabiqələrin, tələbə olimpiadalarının və intellektual yarışların iştirakçılarına və qaliblərinə; ictimai-faydalı işlərlə məşğul olan və həm fərdi, həm də peşəkarlıq baxımından daim inkişaf etməyə çalışan tələbələrə üstünlük veriləcəkdir. Öz növbəsində, "PAŞA Bank" ən yaxşı tələbələri mükafatlandırmaqla onlarda oxumaq həvəsini və istəyini artırır, bununla da gələcək nəsildə yüksək vətəndaşlıq məsuliyyəti formalaşdırır.
Təqaüd proqramının başlıca məqsədi gənclərdə özünü dərk səviyyəsi yaratmaq, ölkənin istedadlı gənclərini, onun gələcək inkişafına xidmət edəcək intellektual potensialını dəstəkləmək və maddi cəhətdən mükafatlandırmaqdır.
Təqaüd almaq üçün elan edilmiş müsabiqədə ali təhsil müəssisələrinin iqtisadiyyat təmayüllü fakültələrində (maliyyə və kredit, beynəlxalq iqtisadi əlaqələr, audit, tətbiqi riyaziyyat və s.) təhsil alan, şəxsi və peşəkarlıq keyfiyyətləri baxımından daim inkişaf etməyə can atan tələbələr iştirak edə bilərlər.
Müsabiqədə iştirak edənlərin arasından 10 nəfər təqaüdçü seçiləcək. Layihə bir il üçün nəzərdə tutulmuşdur, təqaüdün aylıq məbləği 100 manatdır. Müsabiqənin seçmə mərhələsində iştirak etmək üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının www.atgti.az rəsmi internet saytındakı anketi doldurmaq lazımdır.
Azərbaycanın sosial-iqtisadi inkişafının yüksək tempini nəzərə alaraq "PAŞA Bank"ın 2012-2014-cü illəri əhatə edən yeni Strategiyasında ölkənin ictimai həyatında birbaşa iştirakın gücləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılacaqdır. Düzgün və şəffaf biznes aparmaq prinsipinə əsaslanaraq bank gələcək illərdə təhsil, idman və digər istiqamətləri əhatə edən sahələrdə gənc nəslin inkişafına yönəldilmiş layihələrin həyata keçirilməsi və dəstəklənməsi təşəbbüslərini irəli sürməkdə davam edəcəkdir.

https://www.pashabank.az/press_centre,319/lang,az/