19/10/2011
2011-ci il oktyabr ayının 12-də Beynəlxalq Muğam Mərkəzində Paşa Bankın baş sponsorluğu, Respublika Gənclər və İdman, Mədəniyyət və Turizm Nazirliklərinin yardımı ilə "Kainat" Gənclik Mərkəzinin təşkil etdiyi 3-cü Beynəlxalq Uşaq Muğam festivalı finalçıların yekun konserti keçirilmiş və qaliblərin mükafatlandırılması ilə uğurla başa çatmışdır.
16 yaşınadək olan gənc istedadların əsrarəngiz ifasını dinləməyə Azərbaycanlı muğamsevərlərlə yanaşı ölkədə akkreditə olmuş xarici ölkə nümayəndəliklərin, səfirliklərin Almaniyadan və Finlandiyadan gəlmiş gənclər təşkilatlarının üzvləri də gəlmişdir. Ölkənin mədəni həyatında özünəməxsus yeri olan bu beynəlxalq tədbirdə Azərbaycanla bərabər Türkiyə, Misir, Özbəkistan və Türkmənistandan olan gənc musiqiçilər və onları müşayiət edən mütəxəssislər öz bacarıqlarını tələbkar azərbaycan tamaşaçısı qarşısında uğurla nümayiş etdirdilər. 
Respublikanın Xalq Artisti, Professor Ağasəlim Abdullayev, respublikanın İncəsənət Xadimi, Opera və Balet teatrının baş rejissoru Hafiz Quliyev, Özbəkistan respublikasının Xalq Artisti Beknazar Dusmuradov; Türkmənistan respublikasının Xalq Artisti Amanberdi Qovşudov; türkiyəli etnomusiqişünas Oktay Yılmaz, Misir Ərəb Respublikasından Professor, Doktor Xanım Amal El-Şahed 15 gənc muğam ifaçısına qiymət verirdi.
Yekun konsertdə gözəl anlar bir-birini əvəz edirdi. Gənc ifaçı Sədəf Budaqovanın qüclü səsi və əsrarəngiz ifası zalda alovlu alqışlarla qarşılandı. Daha bir unudulmaz ifaçı Özbəkistandan gəlmiş səkkiz yaşlı İroda Sapayeva oldu. Anadangəlmə görmə qabiliyyətindən məhrum olan kiçik İroda yaşına məxsus olmayan dolğun və qüvvətli səsi ilə Avazın Sənin adlı mahnını ifa etdi.

Münsiflər heyətinin yekdil qərarı ilə bu nominasiyalar üzrə aşağıdakı iştirakçılar mükafatlandırıldılar:

Baş mükafat (Qran-pri) - Sədəf Budaqova - "Heyratı" - Azərbaycan;
1 yer - Hüsnü Atasevən - "Alibəyim" - Türkiyə;
Birinci 2-ci yer - İroda Sapayeva - "Avazın sənin" -Özbəkistan;
İkinci 2-ci yer - Ovazgəldi Palvanov - "Dildarım gəldi"- Türkmənistan;
Birinci 3-ci yer - Orxan Nüşirəvanlı - "Şahnaz" - Azərbaycan; 
İkinci 3-cü yer - Fəxri İsmayılov - "Şikəstəyi Fars təsnifi" - Azərbaycan;