19/10/2011
PAŞA Bank Kanadanın Toronto şəhərində keçirilən SİBOS Bank sərgisində iştirak etdi.
PAŞA Bank 19-23 sentyabr 2011-ci il tarixlərində Kanadanın Toronto şəhərində keçirilən SİBOS beynəlxalq bankçılıq sərgisində bu il də eksponent qismində iştirak etmişdir. PAŞA Bank üçün artıq ənənəyə çevrilən bu mötəbər tədbirdə PAŞA Bankın İdarə heyətinin sədri Fərid Axundovun başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. Bank bu il sərgidə özünü dünya bank icmasına "Sizin Azərbaycandakı güclü tərəf - müqabiliniz" şüarı ilə təqdim etmişdi.
Keçən il olduğu kimi PAŞA Bankın iştirakı 2011-ci ildə də dünya bank icmasının və maliyyə mediasının marağına səbəb olmuşdur. Bankın əməkdaşları öz strateji partnyorları ilə keçirdiyi görüşlərlə yanaşı dünyanın bir sıra aparıcı bankları ilə də ikitərəfli görüşlər keçirmiş, əməkdaşlıq imkanlarını müzakirə etmişdir. PAŞA Bankın əməkdaşı Vüqar Sadiqin təqdim etdiyi Azərbaycan iqtisadiyyatının diversifikasiyası adlı təqdimatı SİBOS iştirakçıları arasında maraqla qarşılandı. Onu da demək lazımdır ki, PAŞA Bank bu il də Azərbaycanı eksponent qismində təqdim edən yeganə bank oldu. Ümumiyyətlə götürsək bütün post-sovet məkanını yalnız PAŞA Bank və Rusiyanın SberBank-ı təmsil edirdi.
Sentyabrın 20-də "Paşa Bank" tərəfindən sərginin iştirakçılarına rəsmi ziyafət verilib. Ziyafətdə, həmçinin, Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Fərid Şəfiyev iştirak edib.
Qeyd etdiyimiz kimi, PAŞA Bankın iştirakı bu il də dünya maliyyə mediasının marağına səbəb olmuşdur. Belə ki, PAŞA Bankın İdarə Heyətinin Sədri Cənab Fərid Axundov EMEA Finance, Institutional Investors, GT News kimi nüfuzlu maliyyə jurnallarına müsahibələr verdi, PAŞA Bankın gördüyü işlərdən, gələcək planlarından danışdı.
Bu il SİBOS sərgisi dünyanın 200 ölkəsindən təqribən 6000-ə yaxın iştirakçını bir araya gətirmişdi. Burada aparıcı banklar, maliyyə təşkilatları və korporasiyalar, maliyyə sektoru üçün texnologiya və avadanlıqların istehsalçıları bankçılıqda yeni trendləri, maliyyə industriyasının aktual problemlərini müzakirə edir, maliyyə bazarlarının infrastrukturlarının təkmilləşdirmə yollarını müəyyənləşdirir, yeni maliyyə xidmətlərinin inkişaf perspektivlərini nəzərdən keçirir, forumlarda öz təcrübələri ilə bölüşürdülər. SİBOS-un əsas məqsədlərindən biri maliyyə qurumlarının arasında mövcud olan partnyor əlaqələrin genişləndirilməsi və yeni əlaqələrin yaradılmasıdır. Buna görə sərgi zamanı müxtəlif konfranslar keçirilir və bu konfranslar zamanı təşkilatlara, mütəxəssislərə öz fəaliyyətlərində yeni kommersiya istiqamətlərini müzakirə etmək imkanı yaradılır. Bu il iki məsələ xüsusi diqqət mərkəzində idi: SWIFT sisteminə daha aktiv qoşulma prosesi və standartların inkişafı.
PAŞA Bankın SİBOS-da iştirakı bankımızın öz imkanlarını, keçən il əldə etdiyimiz nailiyyətləri dünya maliyyə icmasına nümayiş etdirmək, gələcək planlarla bölüşmək, bank sektorunda texnoloji yeniliklərlə tanış olmaq üçün bir platforma yaratdı. Bundan başqa - dünya bank sektorunun elitasının bir araya gəldiyi belə bir mötəbər tədbirdə iştirakı bankın menecerlərinin öz üfüqlərini genişləndirmək və özlərinə olan inamı daha da artırmaq imkanı verir.
PAŞA Bank gələn il Yaponiyanın Osaka şəhərində keçiriləcək sərgidə iştirak etmək niyyətini SİBOS təşkilatçılarına artıq bildirmişdir.