Çap

Press-relizlər

PAŞA Bank və Junior Achievement Azərbaycan “Banklar Fəaliyyətdə” layihəsi çərçivəsində gənclərin maliyyə savadının təkmilləşdirilməsinə dair proqramlarını davam etdirir

"PAŞA Bank" ASC və Junior Achievement Azərbaycan təşkilatının birgə keçirdiyi "Banklar Fəaliyyətdə" layihəsi uğurla davam etməkdədir. Layihəyə Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Qafqaz Universitetindən seçilmiş 36 tələbə iyul ayı ərzində Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunmuş təlim və modelləşdirilmiş biznes üzrə müsabiqədə iştirak etdilər.
Təlim JA təşkilatının "Banklar Fəaliyyətdə" kompüter modelləşdirməsi əsasında qurulmuşdur. Modelləşdirmədə iştirak edərkən, tələbələr virtual bankı idarə edir və müxtəlif iqtisadi qərarlar qəbul edirlər. Qəbul edilən qərarlar üç ay müddətini və ya 1 kvartalı təqdim edir. Ən yaxşı strategiya tərtib edən və rəqiblərindən daha artıq mənfəət qazanan komanda yarışın qalibi elan edilir və "Seçim Bankı" adını qazanır.
"Banklar Fəaliyyətdə" layihəsi Junior Achievement Azərbaycan təşkilatının gənclərin iqtisadi maarifləndirməsi məqsədi daşıyan çoxsaylı proqramlarından biridir. Ali məktəb tələbələri üçün nəzərdə tutulan layihə əsas maliyyə anlayışlarına, bankçılıq fəaliyyətinin tarixinə və əməliyyatlarına aydınlıq gətirərək, tələbələri maliyyə xidmətləri sektorunda mümkün karyera imkanlarıla tanış edir. Layihə, həmçinin, gəncləri səmərəli istehlakçı və məsuliyyətli vətəndaş olmağa öyrədir.
Junior Achievement Azərbaycan təşkilatı tərəfindən icra edilən "Banklar Fəaliyyətdə" layihəsi "PAŞA Bank" ASC və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən dəstəklənir.
"PAŞA" şirkətlər qrupuna daxil olan "PAŞA Bank" ASC 2007-ci ilin iyun ayında təşkil edilmişdir və Azərbaycan Respublikası Mərkəzi Bankının 250 saylı 28 noyabr 2007-ci il tarixli lisenziyası əsasında fəaliyyət göstərir. Bankın rəsmi auditoru Ernst & Young, vergi məsələləri üzrə məsləhətçisi PriceWaterhouseCoopers beynəlxalq audit şirkətləridir. "PAŞA Bank" ASC Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Banklar Assosiasiyasının, Bakı Banklararası Valyuta Birjasının (Şəhadətnamə №FX-96, 27 iyun 2008-ci il), AMCHAM, AR Sahibkarlığa Kömək Milli Fondunun, Azərbaycan İpoteka Fondunun üzvüdür. Nizamnamə kapitalının həcminə (123.4 milyon AZN) görə Bank yerli bazarda ikinci yer tutur.
Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Junior Achievement missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 100 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir. Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara birbaşa təlim və məsləhətlər vasitəsilə biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa kömək edir.

https://www.pashabank.az/press_centre,287/lang,az/