16/06/2011
PAŞA Bank, British Council, Azərbaycan Media Mərkəzi və "Thomson Foundation" şirkətinin təşkilati dəstəyi ilə jurnalistlər üçün keçirilən biznes və maliyyə jurnalistikası üzrə təlim proqramını maliyyələşdirir. Layihənin məqsədi xüsusi hazırlanmış müfəssəl təlim proqramı vasitəsilə milli mətbuat nümayəndələrinin (televiziya, çap və elektron mətbuat) biznes və maliyyə jurnalistikasında peşəkar bilik və səriştəsinin artırılmasıdır.
2011-ci ilin iyul ayından başlayaraq keçiriləcək təlimlərdə iştirak etmək üçün 10 iştirakçı seçiləcək. Təlimlər zamanı ən fəal iştirakçıların Birləşmiş Krallığın Kardiff və ya London şəhərinə təlim-tədris səfəri nəzərdə tutulub. Layihədə paytaxtdan olan jurnalistlərlə yanaşı, bölgələrdən olan media işçiləri də qatıla bilər.
Proqram jurnalistlərin məqalə yazma tərzi, oçerklərin yazılması, reportajların hazırlanması, xəbərlərin yazılması, müsahibə alma texnikası və praktikası kimi bilik və səriştələrini artırmağı nəzərdə tutur.
Təlim iqtisadi jurnalistika, biznes jurnalistikası, etika qaydaları, məlumatın balanslaşdırılmış və doğru çatdırılması kimi mövzuları əhatə edəcək.
Seçiləcək iştirakçılar jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsinə malik olmalı, ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada fəaliyyət göstərməli; minimum ingilis dili səviyyəsini nümayiş etdirməli, Bakıda hər biri 5 tam iş günü olmaqla 3 təlim sessiyası və Böyük Britaniyaya 4-5 günlük səfərdən ibarət təlim kursunda iştirak etmək iqtidarında olmalıdır.
Marağı olan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən yükləyib, doldurulmuş ərizə formaları və CV-ləri 2011-ci il 29 iyun tarixindən gec olmayaraq konul.ahmadova@britishcouncil.az elektron poçt ünvanına göndərməlidir.