07/06/2011
PAŞA Bank bir müddətdir ki, market-meyker və anderraytinq xidmətlərini bazarda mövcud olan peşəkar iştirakçılar vasitəsilə təqdim etməyə başlamışdır. Bu istiqamətdə atılan növbəti addım 31.05.2011-ci il tarixində Unileasing şirkətinin istiqrazlarının yerləşdirilməsi olmuşdur.
İstiqrazlar 1,5 il müddətinə 5 000 000 (beş milyon) manat həcmində, 10% kuponla nominal dəyəri üzrə yerləşdirilmişdir. PAŞA Bank emissiyanın UniCapital şirkəti vasitəsilə anderraytinq xidmətini göstərərək Bakı Fond Birjasında keçirilmiş hərracda çıxış etmişdir. PAŞA Bank həmçinin qeyd olunmuş emissiyanın UniCapital şirkəti vasitəsilə market-meykeri olaraq Bakı Fond Birjasında alış-satış qiymətlərini gündəlik olaraq təyin edəcək və istiqrazların təkrar bazardakı likvidliyinin artırılmasını təmin edəcək. İstiqrazların qiymətləri bazarda olan investorların tələbatı, emitentin maliyyə vəziyyəti və bazardakı makroiqtisadi göstəricilərdən asılı olacaq.