25/04/2011
"PAŞA Bank" ASC və Junior Achievement Azərbaycan (JAA) təşkilatı 2011-ci ildə həyata keçirilən və maliyyə savadını tədris edən proqramın icrasına dair tərəfdaşlıq razılaşması imzaladılar. Layihənin təqdim etdiyi bankçılıq və şəxsi maliyyə üzrə interaktiv təlim, milli yarış və peşə təcrübəsi Azərbaycan tələbələrinə səmərəli istehlakçı və məsuliyyətli vətəndaş olmağa köməklik edəcəkdir
2011-ci ilin pilot layihəsi dörd universitetin tələbələrini cəlb edəcəkdir. Seçim mərhələsində mükəmməl nəticə göstərmiş 72 tələbə bankçılığın əsasları üzrə təlimlərə qatılacaq. Təlim Mərkəzi Bankın və JAA təşkilatının mütəxəssisləri tərəfindən keçiriləcəkdir. Növbəti mərhələdə tələbələr JA təşkilatının kompüter modelləşdirməsi əsasında təşkil edilən "Banklar Fəaliyyətdə" yarışında iştirak edərək, öyrəndikləri bilikləri tətbiq edəcəklər. Modelləşdirmədə iştirak edərkən, tələbələr virtual bankı idarə edir və müxtəlif iqtisadi qərarlar qəbul edirlər. Ən yaxşı strategiya tərtib edən və rəqiblərindən daha artıq mənfəət qazanan komanda yarışın qalibi elan ediləcək. Layihənin son mərhələsində yüksək nəticə əldə edən tələbələr banklarda təşkil olunan peşə təcrübəsində iştirak edəcəklər. 

JAA təşkilatının maliyyə savadı layihəsi "Məktəblərdə İqtisadiyyatın Tədrisi Proqramı"nın tərkibində gerçəkləşir. Proqramı dəstəkləyən əsas tərəfdaşlar Statoil Abşeron, Chevron Xəzər, Bakcell və Qaradağ Sement ASC-dir; "Paşa Bank" ASC, Saipem Azərbaycan, ABŞ-ın Ticarət Palatasının Azərbaycandakı Nümayəndəliyi, Nobel Oil, Baker & McKenzie və, PwC Azərbaycan proqramın tərəfdaşlarıdır. Proqram Azərbaycan Respublikasının Mərkəzi Bankı, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi ilə strateji əməkdaşlıqda həyata keçirilir.

Junior Achievement Azərbaycan (JAA) biznes tədrisi sahəsində dünyanın ən iri, mənfəət güdməyən təşkilatı olan Ümumdünya JA Təşkilatının yerli təmsilçisidir. Junior Achievement missiyası gəncləri dünya iqtisadiyyatında uğur qazanmaq üçün ruhlandırmaq və hazırlamaqdır. 1919-cu ildə təsis olunan JA təşkilatı dünya üzrə gənclərin iqtisadi və biznes tədrisinə öz töhfəsini verməkdədir. Yerli təmsilçilər vasitəsilə JA proqramları dünyanın 100 ölkəsində tədris olunur. Azərbaycanda 1998-ci ildən fəaliyyətə başlayan Junior Achievement ictimai və fərdi donorların dəstəyilə ölkənin 28 bölgəsində 260 məktəbi təmsil edən minlərlə şagirdə və 300-dən artıq müəllimə təlim keçmişdir. Junior Achievement Azərbaycan onun layihələrindən faydalananlara biznesin, sahibkarlığın, maliyyə və iqtisadiyyatın əsaslarını öyrənməyə və ölkə iqtisadiyyatında öz gələcək rollarına daha yaxşı hazır olmağa birbaşa təlim və məsləhətlər vasitəsilə kömək edir.