24/02/2011
PAŞA Bankın aktivləri 509 074 min manat (638 017 min ABŞ dolları) həddinə çatmışdır ki, bu da keçən ilin müvafiq göstəricisindən 66% faiz çoxdur, bu məbləğin 36% faizi müştərilərə verilmiş kreditlərdən, 31% faizi qiymətli kağızlar portfelindən, 17% faizi nağd vəsaitlərdən, 15% faizi banklararası kreditlərdən, və s. aktivlərdən ibarətdir. Ümumi kredit portfeli 2009-cu ilə nisbətən 1,6 dəfə artaraq 194 860 min manat təşkil etmişdir. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 6.2% faiz təşkil etmişdir ki, 2009-cu ildə bu rəqəm 2% faiz olmuşdur. Bankın ümumi portfelindəki qeyri-işlək kreditlərin payı 0,6% faiz təşkil etmişdir ki, bu da keçən ilin müvafiq göstəricisindən 0,3% faiz azdır. 2010-cu il ərzində əldə olunan xalis mənfəət 2009-cu illə müqayisədə 27% faiz azalaraq 11 694 min manat təşkil etmişdir. Buna səbəb kimi, bazarda kreditləşmə üzrə orta faiz dərəcələrinin azalması, planlaşdırılmamış müddətli hesabların artımı üzrə yüksək faiz xərclərinin yaradılması, ehtiyat fondunun artırılması, əməliyyat xərclərində gözlənilməz, lakin strateji vacib olan xərclərin tanınması və sair kimi səbəblər göstərilir. Bankın faiz gəliri 33 842 min manat təşkil etmişdir, qeyri-faiz gəlirləri 2 dəfə artaraq 5 264 min manat, işçilərlə əlaqədar olan xərclər 1,7 dəfə artaraq 5 680 min manat təşkil etmişdir. Sənədli əməliyyatlar üzrə əməliyyatların məbləği 30 330 min manat təşkil etmişdir.
Səhmdar kapitalı üzrə mənfəət ROE 17,6% (2009 - 16,9%), aktivlər üzrə mənfəət (ROA) 4% (2009 - 5,5%), likvidlik əmsalı 171% (2009 - 77%), kapitalın adekvatlığı əmsalı 50% (2009 - 77%) təşkil etmişdir. ROA maliyyə əmsalının 2009-cu ilə nisbətdə az olması ilin sonunda iri vəsaitlərin bir neçə müştərilərinin hesabına daxil olunması ilə izah olunur. Bank həm mənfəətinə həm də aktivlərin həcminə görə bazarda 5-ci yeri tutur.
Bankın beynəlxalq əlaqələrini 2010-cu ildə daha da inkişaf etmişdir: Ticarətin maliyyələşdirilməsi portfelinin həcmi 2009-cu illə müqayisədə 32%, ticarətin maliyyələşdirilməsi üçün aparıcı qərb bankları tərəfindən Bank üçün açılan kredit xətlərinin həcmi isə 29% artmışdır. Bank aparıcı xarici maliyyə təşkilatları ilə birlikdə post-maliyyələşdirmə və layihə maliyyələşdirməsi əməliyyatları həyata keçirmişdir. PASHA Bank əməkdaşlıq etdiyi xarici maliyyə təşkilatları ilə birlikdə bankın mövcud və potensial müştəriləri üçün seminarlar keçirmişdir. Bank SİBOS Beynəlxalq bankçılıq sərgisində eksponent qismində həm Bankı həm də Azərbaycanı böyük müvəffəqiyyətlə təmsil etmişdir
Bank özünün ən qiymətli aktivi hesab etdiyi insan resurslarının inkişafına da bu il böyük yer vermişdir. PAŞA Bank bütün əməkdaşları üçün bankçılıq sahəsində müxtəlif təlim kursları təşkil etmiş, həmçinin aparıcı xarici mütəxəssislər ölkəyə dəvət edilərək əməkdaşları üçün daxili treninqlər də keçirilmişdir.
PAŞA Bank özünün 2010-cu il üçün sosial cavabdehlik proqramı (SCP) çərçivəsində bəstəkar Firəngiz Əlizadənin "İntizar" opera tamaşasının sponsorlarından biri olmuşdur. Tamaşa 2010-cu ilin may ayında beynəlxalq musiqi layihəsi çərçivəsində ifa olunmuşdur. Bu hadisə Azərbaycanın musiqi həyatı və milli mədəniyyəti üçün böyük əhəmiyyət kəsb etmişdir.
Bankın kredit portfelinin 49.93% -i ticarət və xidmət sektoruna, 17.91%-i inşaat sektoruna, 14.47%-i sənaye və istehsal sektoruna və 10.26% otel biznesi sektoruna ayrılan kreditlər təşkil edir.
Bank 2010-cu ildə Reuters və Bloomberg sistemlərinə qoşulmuş və xarici valyuta və qiymətli kağızlar əməliyyatlarında sistemdən aktiv şəkildə və böyük müvəffəqiyyətlə istifadə edilmişdir. Qiymətli kağızlara investisiya portfeli 86% artaraq 156.5 milyon manat, Banklararası yerləşdirmələr və qalıqlar 54% artaraq 74.6 milyon manat təşkil etmişdir. Xəzinədarlıq əməliyyatlarından əldə edilən qeyri faiz gəliri 105% artaraq 4.1 milyon manat təşkil etmişdir.
Bundan əlavə Bank 2010-cu ilin noyabr ayında Dubayda keçirilən Azerbaijan Open 2010 Qolf Turnirinin və Alman Milad bazarının sponsorlarından biri kimi çıxış etmişdir . Xeyriyyə məqsədi ilə keçirilən turnirdən yığılan vəsait isə bir neçə Azərbaycan xeyriyyə təşkilatına yardım layihələrinin maliyyələşdirilməsi üçün paylanmışdır. 2010-cu ilin oktyabr ayında keçirilmiş Bakı Caz Festivalının rəsmi partnyoru olmuşdur.