25/11/2022

Ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” “VI Beynəlxalq Bankçılıq Forumu”nun tərəfdaşlarından biri olub.

Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq mövzusuna həsr olunan forum Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə 24-25 noyabr tarixlərində keçirilib.

Tənzimləyici qurumların, bankların, “fintech”lərin, beynəlxalq maliyyə təşkilatlarının və yerli səfirliklərin nümayəndələri bir araya gələrək post-covid dövründə bankçılıq, nağd pul dövriyyəsi, açıq bankçılıq yanaşması, rəqəmsal aktivlər, kibertəhlükəsizlik trendləri və digər mühüm istiqamətləri müzakirə ediblər.

“PAŞA Bank”ın Texnologiyalar blokunun baş direktoru Vüsal Xəlilov və informasiya təhlükəsizliyi şöbəsinin rəhbəri Akif Bağırov foruma spiker qismində qatılıblar. Vüsal Xəlilov kripkokartlar və kriptovalyutalar panelində iştirak edərək onların yan təsirlərindən danışıb. Akif Bağırov isə “PAŞA Bank”ın kibertəhlükəsizlik istiqamətindəki fəaliyyətinə dair mühüm məqamlara toxunub.

Xatırladaq ki, “PAŞA Bank” ölkənin maliyyə sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərin aktiv iştirakçısı və təşəbbüskarıdır. Bu layihələr sırasında “Rəqəmsal Zirvələr”, “Risklərin idarə edilməsi konfransı 2022”, "DevOpsDays" konfransı və bir sıra digər tədbirləri qeyd etmək olar.