- Sözsüz ki, 2020-ci il bir çox fəaliyyət sahələrinə və sahibkarlara sarsıntı yaşatdı. İri bizneslər yeni çağırışlara qarşı daha dayanıqlı oldu. Bu gözlənilən idi. Ən böyük ziyan isə kiçik bizneslərə dəydi. Pandemiya turizm, mehmanxana biznesi, nəqliyyat, ictimai iaşə və pərakəndə xidmət sahələrinə daha böyük zərbə vurdu. Bu sahələrdə müştərilərin qazancının 50%-dən daha çox azaldığını müşahidə etdik. İşgüzar fəallığın bütün dünyada azalmasına baxmayaraq, keçən il artımın qeydə alındığı fəaliyyət sahələri də oldu. Bu, kommunikasiya sahəsi və gündəlik tələbat mallarının (FMCG) elektron ticarətidir. Həmçinin ümumilikdə biznesin rəqəmsallaşması meyllərini müşahidə edirdik. 2020-ci ildə internet-ekvayrinqin fəallığı 5 qat artdı.
Pandemiyaya baxmayaraq, 2018-ci ildən etibarən həyata keçirdiyimiz rəqəmsallaşma strategiyası sayəsində keçən il Bank KOB seqmentidə uğurlar əldə etdi. Belə ki, bu şərait müştərilərimiz üçün məhsul və xidmətlərimizin dəyərini artırdı. Onlar filiala gəlmədən, Bankla əməkdaşlıq etmək imkanı qazandı. Bu, həm hesablaşma-kassa xidmətlərinə, həm biznesin maliyyələşməsi üzrə məhsullara şamil olunur. 2020-ci ildə fəal müştərilərin sayını 3 dəfədən daha çox artırmağa nail olduq.
- “PAŞA Bank” pandemiyanın mənfi təsirinə qarşı tədbirlər görən ilk banklardan biri oldu. Bank bu istiqamətdə yerli kiçik və orta biznesilərin dəstəklənməsi ilə bağlı hansı tədbirləri görüb?
- Bank, karantin rejimi elan olunan andan etibarən yeni iqtisadi şəraitdə fəaliyyətə və müştərilərimizin dəstəklənməsinə kompleks hazırlıq işləri görməyə başladı. Müştərilərin kredit borclarının restrukturlaşdırılması paketinin tətbiqi, onlara kredit tətilinin verilməsi, gecikdirilmiş borclara görə cərimələrin ləğv olunması, əsas bank məhsulları və xidmətlərinin tariflərinin təkrar nəzərdən keçirilməsi (azaldılması və ya ləğv olunması), pandemiya şəraitində fəaliyyətlə bağlı faydalı və aktual məlumatların cəmləşdirildiyi vahid informasiya portalının işə salınması “COVID-19”la mübarizə çərçivəsində ilk təşəbbüslərdən oldu. Belə bir şəraitdə müştərilərin maliyyə mənbələrinə çıxışının təmin olunması bizim üçün əsas məsələ olaraq qalırdı . Bu səbəbdən də biz, biznesin kreditləşməsini davam etdirdik (dövriyyə kapitalının maliyyələşməsi məhdudiyyətsiz davam etdirilirdi). Həmçinin standart onlayn biznes krediti və Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondunun pandemiyadan zərərçəkmiş biznes sahələrinə dəstək proqramı çərçivəsində onlayn biznes krediti də daxil olmaqla, tam rəqəmsal, girovsuz iki kredit məhsulunu təqdim etdik. Bu müddətdə təchizatçıların girovsuz maliyyələşdirilməsi məhsul xətti (faktorinq) fəal şəkildə tətbiq olunurdu. 2020-ci ildə B2B müştərilərimizin maliyyələşdirilməsi həcmi (faktorinq) böhrandan əvvəlki ildə olduğu səviyyədə idi.
- Karantin şəraitində distant bank xidmətləri ön plana çıxır. “PAŞA Bank”a müraciət edən KOB seqmentində müştərilər hansı onlayn məhsullardan yararlana bilər?- Bankda hesablaşma-kassa xidmətləri və İnternet Bank xidmətindən (Rəqəmsal platforma) başlayaraq biznesin maliyyələşdirilməsi məhsullarınadək bütün əsas biznes məhsulları rəqəmsal formatda təqdim olunur. Məhsullardan yararlanmaq üçün sadəcə kompüter və ya smartfon və internetə çıxış tələb olunur. Məsələn, Bankla əməkdaşlıq etmək istəyən sahibkara və ya şirkətə onboardinq prosedurundan onlayn rejimdə keçmək üçün 5-10 dəqiqə vaxt lazımdır. Daha sonra müştəri əməkhaqqı layihəsini asanlıqla və tez rəsmiləşdirə, pərakəndə ticarət üçün POS-terminal və ya elektron kassa ala, nağd pul və biznesə dəstək ilə onun inkişafı üçün nəzərdə tutulan qeyri-bank xidmətləri daxil olmaqla, digər məhsul və xidmətləri sifariş edə bilər. Onlayn biznes kreditinin alınması üçün ərizənin doldurulması 20-30 dəqiqə vaxt tələb edir. Müştəriyə kreditlə bağlı qərar isə bir neçə saat ərzində açıqlanır. Ümumilikdə, müştərilərimiz 1 gün ərzində 250 000 manatadək məbləğdə kredit əldə edə bilərlər.
-2020-ci ilin iyul ayının əvvəlində sahibkarlığa dəstək məqsədilə dövlət tərəfindən pandemiyadan zərərçəkmiş biznes sahələri üçün güzəştli kredit proqramı işə salınmışdı. “PAŞA Bank” Sahibkarlığın İnkişafı Fondunun agent bankıdır. Proqramın şərtləri və Bankınızın proqramı necə həyata keçirdiyi barədə danışa bilərsiniz?- Sözsüz ki, Sahibkarlığın İnkişafı Fondunun proqramı biznesə dəstək baxımından əhəmiyyətli layihə oldu. “PAŞA Bank” Fondun proqramına qoşularaq, müştəriləri maliyyələşdirən ilk bank oldu. Proqram işə salınan zaman girovsuz onlayn biznes kreditimiz aktiv idi. Biz, təbii ki, Fondun məhsulunda analoji rəqəmsal müştəri təcrübəsini tətbiq edərək, proqrama qoşulduq. Hal-hazırda məhsul uğurlu şəkildə tətbiq olunmaqdadır və ümumi rəqəmsal kreditləşmə portfelinin 50%-ni təşkil edir. Qiymətinin aşağı olması (illik 7,5%), sürətli qərar qəbulu (1 gün ərzində) və girovun olmaması kimi amillər məhsulun geniş yayılmasına səbəb oldu. Bu məhsul çərçivəsində müştərilər əsas borcun ödənilməsi üçün güzəşt dövrü ilə 36 ayadək müddətə 200 000 AZN-dək məbləğdə kredit əldə edə bilərlər.
- Əvvəl qeyd etdiyiniz kimi, ötən ilin may ayında bank yeni kreditləşmə məhsulu olan onlayn biznes kreditini təqdim etdi. Biznesə dəstək üçün verilən kreditin maksimal məbləği və faiz dərəcəsi nə qədərdir? Hansı zəmanətlər tələb olunur? Kredit üzrə ən aşağıdan başlayaraq ən yüksəyədək faiz dərəcələrini deyə bilərsiniz?
- Hal-hazırda Bankın məhsul xəttində 3 tam rəqəmsal kredit məhsulu var. 2021-ci ilin yanvar ayında 3-cü rəqəmsal kredit məhsulunu- kiçik və orta biznes üçün kredit xəttini işə saldıq. Kredit xətti sərbəst ödəniş qrafiki və bərpa olunan limitlə təqdim olunur. Yəni, müştərilər yalnız kredit vəsaitlərinin faktiki istifadəsinə görə faiz ödəməklə, krediti lazım olduqda götürə və ödəyə bilərlər. Bu, cari əməliyyat xərclərinin maliyyələşdirilməsi üçün olduqca rahat vasitədir. Onlayn biznes krediti və kredit xətti çərçivəsində müştərilər 250 000 AZN-dək kredit əldə edə bilərlər. Maliyyələşmə məbləği əsasən kreditin məqsədindən asılıdır. Müştəriyə dövriyyə kapitalının maliyyələşdirilməsi üçün vəsait lazımdırsa, kreditin müddəti 1 ilədək təşkil edir. Annuitet krediti üçün illik 12%-dən, kredit xətti üçün isə 11%-dən başlayan faiz dərəcəsi təklif edə bilərik. Müştəri yeni satış nöqtələri və ya fəaliyyət istiqamətlərinin işə salınması, kapital qoyuluşları üçün 1 ildən az müddətə kredit almaq istəyirsə, faiz dərəcəsi 15,5%-dən başlayır. Bu halda daha yüksək qiymət Bank üçün pul vəsaitlərinin daha yüksək dəyəri və uzunmüddətli maliyyələşmə riski ilə əlaqəlidir. Ümumilikdə rəsmiləşdirmə rahatlığı, sürəti və borcalana qarşı tələblərə görə rəqəmsal kredit məhsullarımızın bazarda analoqlarının olmamasına baxmayaraq, bu, bazar qiymətidir. Zəmanətlərə gələndə isə, burada standart yanaşma tətbiq edirik. Müştəri hüquqi şəxs olduqda, təsisçilərin zaminliyi tələb olunur. Məhsul xəttində təqdim olunan hər 3 kredit girovsuzdur.
-Şirkətlər güzəştli kredit üçün bütün banklar arasında niyə məhz “PAŞA Bank”ı seçməlidir? Hansı rəqabət üstünlükləriniz var?
- Bütün rəqəmsal məhsulların hələ bazar təhlili və məhsulun hazırlanması mərhələsində müəyyən etdiyimiz bir neçə əsas dəyər xüsusiyyətləri var. Bunlar kreditin rahatlıqla və sürətlə əldə edilməsi, həmçinin girovun olmamasıdır. Yalnız Fondun məhsulu barədə danışsaq, “PAŞA Bank” rahatlıq və sürət olmaqla, 2 rəqabət üstünlüyü ilə fərqlənir. Müştərilər məhz bu səbəbdən bizi seçir. Ərizə tamamilə onlayn rejimdə doldurulur. Bunun üçün cəmi 20-30 dəqiqə vaxt tələb olunur. Müştəri platformaya bir neçə sənəd yükləməlidir. Kreditlə bağlı qərar ərizə verildikdən sonra bir neçə saat ərzində bildirilir.
-“Onlayn biznes krediti” məhsuluna daha çox hansı seqmentdə sahibkarlar üstünlük verir? Bəs güzəştli kreditə? Hal-hazırda bu məhsulun satış dinamikası və göstəriciləri barədə məlumat verməyinizi istəyərdim.- Fondun güzəştli krediti ən çox tələbatın olduğu məhsuldur. Lakin bu məhsul yalnız pandemiyadan zərərçəkmiş biznes sahələrinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Bu sahələrə pərakəndə xidmətlər, ictimai iaşə, mehmanxana və turizm biznesi, istehsal və topdan ticarət (qida məhsulları, tütün, içki və neft məhsulları istisna olmaqla), nəqliyyat vasitələrinə texniki qulluq və daşımalar, həmçinin təhsil xidmətləri aiddir. Standart onlayn kredit və kredit xəttinə gələndə isə, 2020-ci ildə maliyyələşdirdiyimiz sahələr arasında ticarət və xidmət sektoru üstünlük təşkil edirdi. Bu, rəqəmsal kreditləşmə çərçivəsində ayrılan vəsaitlərin təxminən 70%-dir. 2-ci yerdə ümumi həcmin 12%-ni təşkil edən istehsal sahəsi qərarlaşır. Rəqəmsal kreditləşmənin inkişaf dinamikası kifayət qədər yaxşıdır. Bu göstərici aylıq 10-15% təşkil edir. Aylıq maliyyələşmənin maksimal həcmi 2021-ci ildə 5 mln. manatdan artıq olub. İlin sonunadək bu göstəricini ayda 10-12 mln-dək çatdırmağı planlaşdırırıq. Cari ilin sonunadək rəqəmsal kreditləşmə portfelinin Bankın ümumi KOB kredit portfelinin 30%-ni təşkil etməsi gözlənilir.
-Güzəştli kredit almayan müştərilər standart şərtlərlə “Onlayn biznes krediti” məhsulu üçün müraciət edə bilər?
- Bəli, müraciətlərin və ya verilən kreditlərin sayı ilə bağlı məhdudiyyət yoxdur. Yeganə şərt biznesin maliyyə və əməliyyat vəziyyətinin müştərinin sorğularına uyğun gəlməsi və mənfi kredit tarixçəsinin olmamasıdır.
- Fikrinizcə, “Onlayn biznes krediti” məhsuluna tələbatın artmasının perspektivləri nələrdir? İlin ikinci yarısı üçün hansı proqnozları verə bilərsiniz?
- Rəqəmsal kredit məhsulları, xüsusilə mikro və kiçik biznes seqmentində ənənəvi biznes maliyyələşməsi məhsullarını tədricən geridə qoyacaq. Bu, qlobal meyldir. Bankın komandası Azərbaycanda ilk dəfə olaraq bu biznes təcrübəsini müştərilərə təklif etməyə müvəffəq oldu. Bu hal bizi sevindirir. Rəqəmsal texnologiyaların tətbiqi, “agile” iş üslubunun, qabaqcıl analitika və maşın öyrənməsi alətlərinin tətbiqi ənənəvi korporativ kreditləşmədən tamamilə fərqli keyfiyyətdə məhsul yaratmağa imkan verir. Müştəriyə sadəcə kompüter və ya smartfon, internetə çıxış, elektron formatda bir neçə əsas sənəd və kredit ərizəsini tərtib etmək üçün 20-30 dəqiqə vaxt tələb olunur. Ərizə verildikdən sonra bir neçə saat ərzində kreditlə bağlı qərar müştəriyə bildirilir. Bu, perspektivli və inkişaf edən böyük bir bazardır. Kredit üçün müraciətlərin sayı ötən illə müqayisədə 60% artıb. Bu ilin sonunadək rəqəmsal kreditləşmə portfelini 2020-ci illə müqayisədə 3 dəfə artırmağı planlaşdırırıq. 2-ci yarımillikdə orta aylıq kreditləşmə həcmini 8-10 mln. AZN-dək artacağı gözlənilir. 2021-ci ildə yalnız rəqəmsal kreditləşmə çərçivəsində müştərilərimizə 80 mln. AZN-dək kredit verməyi planlaşdırırıq. Bütün komanda məhsulların təkmilləşdirilməsi və müştərilər üçün yeni dəyər təkliflərinin hazırlanması üzərində fəal şəkildə çalışır.
-“PAŞA Bank” hal-hazırda Azərbaycanda postpandemiya şəraitində kiçik və orta sahibkarlığın inkişaf perspektivlərini necə qiymətləndirir? Fikrinizcə, yaxın bir-iki ildə biznesin kreditləşməsinə tələbat dəyişəcək?
- 2021-2022-ci illər iqtisadiyyatın və biznesin bərpa dövrü olmalıdır. Ümumilikdə, biznes seqmentində işgüzar fəallığın artması ilə bağlı müsbət tendensiyalar müşahidə edirik. Müştərilərin təxminən 60%-i bu il qazanc artımını, təxminən 40%-i isə satış həcminin artıq növbəti ilin əvvəlində böhrandan əvvəlki səviyyədə olacağını gözləyir. Makroiqtisadi proqnozlar da KOB seqmentinin bərpası və inkişafını, biznesin maliyyələşdirilməsinə tələbatı müsbət qiymətləndirməyimizə imkan verir. İqtisadiyyatın real sektorunda (neft sektoru istisna olmaqla) 2021-2023-cü illərdə illik 3% artım gözlənilir. İlk növbədə, ticarət və xidmət, turizm, istehsal, tikinti və nəqliyyat sahəsi fəal şəkildə bərpa olunacaq. Qarabağda iqtisadiyyatın fəal bərpası və inkişafı, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi regionda və ümumilikdə ölkədə biznesin işgüzar fəallığının artımını sürətləndirəcək.
- Maliyyə dəstəyi ilə yanaşı, bu vəziyyətdə KOB sahibkarlıq subyektlərinə yeni şəraitə uyğunlaşmaqda köməklik göstərmək lazımdır. “PAŞA Bank” müştərilərə biznes konsultasiyası və digər qeyri-maliyyə xidmətlərinin göstərilməsində dəstək olacaq?
- Biz ənənəvi olaraq daha iri KOB seqmentində (“orta” biznes) bu istiqamətdə çalışırıq. Müştərilərin tələblərini və istəklərini gözəl anlayan menecerlər komandası müştərilərlə həm bank xidmətləri və məhsulları, həm qeyri-bank məsələləri ilə bağlı konsultasiya aparır və onları müşayiət edir. Ötən ildən etibarən biznesin inkişafına və ona dəstəyə yönələn, bütün müştərilər üçün onlayn kanallar vasitəsilə əlçatan olan qeyri-bank rəqəmsal məhsul və xidmətləri fəal şəkildə inkişaf etdirməyə başlamışıq. Müəyyən məhsullar artıq işə salınıb, bəziləri isə hazırlanma mərhələsindədir. Bu istiqamətdə əsas rəqəmsal vasitələrdən biri hüquqi və vergi konsultasiyası, B2B platforması, elektron ticarət xidməti, həmçinin açıq bankçılıq konsepsiyası (open banking/API) çərçivəsində müxtəlif məhsul və xidmətlərdir.
Onlayn biznes kreditləri barədə daha ətraflı: https://bit.ly/PBSME
https://www.pashabank.az/press_centre,1716/lang,az/