Çap

Press-relizlər

“PAŞA Bank” “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu”na dair konfransda iştirak edib

Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun dəstəkçisi “PAŞA Bank” “Rəqəmsal ekosistemin inkişafında maliyyə institutlarının rolu” mövzusuna dair keçirilən konfransda iştirak edib. Aprel ayının 14-də onlayn formatda baş tutan konfrans, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Konfrans, maliyyə sahəsində məsul qurum və rəhbərləri bir araya gətirərək innovativ həllərin müzakirəsi və ekosistemin inkişafı üçün əməkdaşlıq imkanlarının qiymətləndirilməsi istiqamətində bir platforma rolunu oynayıb. Tədbir zamanı “Rəqəmsal Ticarət Qovşağı”nın yeni funksionalının təqdimatı da baş tutub.

Konfransda iştirak edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov Bankın rəqəmsal transformasiyası təcrübəsindən və rəqəmsallaşmanın təqdim etdiyi imkanlardan danışıb.

“Banklar inkişaf perspektivlərini düzgün dəyərləndirməklə, tərəfdaşlığa əsaslanmaqla və vahid rəqəmsal ekosistemin mühüm oyunçusuna çevrilməklə uğur qazana bilər. Məhz belə olduğu halda, rəqəmsal erada həm bank sektorunun, həm də birbaşa ölkə iqtisadiyyatının dayanıqlı inkişafına töhfə vermək mümkün olacaq”, - deyə Taleh Kazımov bildirib.

Qeyd edək ki, “PAŞA Bank” “Rəqəmsal Ticarət Qovşağı Konsorsiumu”nun üzvüdür. Konsorsiumun əsas məqsədi, Azərbaycanda müasir rəqəmsal xidmətlərin və infrastrukturun tətbiqini genişləndirmək, ölkənin rəqəmsal transformasiyasına təsir edən transsərhəd elektron xidmətlər infrastrukturunu inkişaf etdirməkdir.

https://www.pashabank.az/press_centre,1693/lang,az/