07/11/2019

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə informasiya texnologiyaları və proqramlaşdırmanın inkişafına və bu sahədə bilik və bacarıqlarını artırmaq istəyən gənclərə daima öz dəstəyini göstərir.

10 noyabr 2019-cu il tarixində “44-cü ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin regional mərhələsi (XV Azərbaycan Birinciliyi) Bakı Mühəndislik Universitetində keçiriləcək. Müsabiqədə PAŞA Bank baş sponsor olaraq çıxış edəcək. İlk dəfədir ki, müsabiqədə sponsor qismində yerli şirkət iştirak edir.

Müsabiqədə Azərbaycanın 17 ali təhsil müəssisəsindən 60-a yaxın komandanın (hər komanda üç tələbə və komanda rəhbərindən ibarətdir) iştirak edəcək. Müsabiqədə müvəffəqiyyət qazan komandalar 29 noyabr-1 dekabr tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək 44-cü ICPC - Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında ölkəmizi təmsil edəcəklər.

Qeyd edək ki, “ICPC – Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsi 1977-ci ildən mütəmadi olaraq keçirilməkdədir. 43-cü ICPC 2018-2019 statistikasına görə son müsabiqədə 110 ölkənin 3233 ali təhsil müəssisəsindən 52709 tələbə (17569 komanda) iştirak etmişdir.