Çap

Press-relizlər

PAŞA Bank 2019-cu ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqladı

PAŞA Bank 2019-cu ilin ilk 6 aylıq maliyyə nəticələrini açıqladı

Azərbaycanın aparıcı korporativ bankı olan PAŞA Bank 30 iyun 2019-cu il tarixinə bitən 6 ay üzrə özünün və törəmə banklarının (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə əsas spiker qismində Bankın İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış edib.

Bankın xalis mənfəəti 30 iyun 2019-cu il tarixinə bitən 6 ay üzrə 35,696 min AZN olmuşdur ki, bu məbləğ keçən ilin ilk 6 ayı üçün 35,394 min AZN təşkil etmişdir. 30 iyun 2019-cu il tarixinə faiz gəlirləri 131,520 min AZN səviyyəsinə çatmışdır. 30 iyun 2018-ci il tarixinə bu məbləğ 109,031 min AZN olmuşdur.

Qeyri-faiz gəlirləri 30 iyun 2019-cu il tarixinə 21,338 min AZN təşkil etmişdir ki, bu da ümumi əməliyyat gəlirlərində 17% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 29% artaraq 125,517 min AZN səviyyəsinə çatmışdır. Qeyri-faiz gəlirlərinin əsas hissəsini dilinq əməliyyatlarından gəlir təşkil edir – 8,425 min AZN və ya 39%. Bu o deməkdir ki, sövdələşmələrdən gəlirlərin ümumi əməliyyat gəlirlərdəki payı 7%-dir. Xalis haqq və komissiya gəlirləri 12,126 min AZN təşkil edir ki, bu da qeyri-faiz gəlirlərinin 57%-i, ümumi əməliyyat gəlirlərinin isə 10%-i deməkdir.

30 iyun 2019-cu il tarixində bitən 6 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 52,751 min AZN təşkil etmişdir. 30 iyun 2019-cu il tarixində bitən 6 ay üçün xərcin gəlirə nisbəti əmsalı 42% təşkil etmişdir. 2018-ci ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 45% təşkil etmişdir. PAŞA Bank hazırda xərclərin hesablanması metodologiyasını tətbiq edir. Bu təşəbbüs məhsul və seqmentlərin təhlili üçün daha dəqiq məlumat əldə etməyə imkan verəcək. Bu da öz növbəsində qiymətlərin formalaşması mexanizminə öz müsbət töhfəsini verəcək.

Öz aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur. 30 iyun 2019-cu il tarixinə PAŞA Bankın məcmu aktivləri 5,043,308 min AZN təşkil etmişdir ki, bu da 2018-ci ilin müvafiq tarixində qeydə alınmış 4,469,931 min AZN ilə müqayisədə 13% artım deməkdir.

30 iyun 2019-cu il tarixinə Bankın aktivləri aşağıdakılardan ibarətdir:
• Pul vəsaitləri və onların ekvivalentləri – 21.9%
• Müştərilərə verilmiş kreditlər – 36.8%
• İnvestisiya qiymətli kağızları – 26.7%
• Kredit təşkilatlarından alınacaq məbləğlər – 10.8%
• Digər aktivlər – 3.8%

Bankın məcmu kreditləri 30 iyun 2019-cu il tarixinə 1,920,982 min AZN məbləğinə çatmışdır. Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 23% artım deməkdir.

30 iyun 2019-cu il tarixinə kredit portfelinin effektiv ehtiyat dərəcəsi 3.4% olmuşdur. Bu faiz dərəcəsi 30 iyun 2018-ci il tarixinə olan 3.9% göstərici ilə müqayisədə stabil qalmışdır. Kredit portfelinin keyfiyyəti Bankın əsas hədəflərindən biridir və ciddi nəzarət altındadır. PAŞA Bankın olduqca əhatəli kreditvermə və risk qiymətləndirmə prosesi var. O cümlədən, bu proses Bankın kredit risk mütəxəssisləri tərəfindən mütəmadi olaraq təkmilləşdirilir. Bütün bu proseduralar ehtiyat məbləğində ciddi dəyişiklik və gözlənilməz nəticələrin qarşısını alır və məqbul proqnozların verilməsinə şərait yaradır.

PAŞA Bank illər ərzində formalaşdırdığı münasibətlərə və xidmətlərinin keyfiyyətinə əsaslanan müştəri bazasını artırmaqda davam edir. 30 iyun 2019-cu il tarixinə müştəri hesabları 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11% artaraq 3,689,164 min AZN səviyyəsinə çatmışdır. Nəticədə, məcmu kreditlərin müştəri hesablarına nisbəti əmsalı 30 iyun 2018-ci il tarixinə müşahidə olunan 49% göstəricisi ilə müqayisədə artaraq 52% olmuşdur.

Bankın 30 iyun 2019-cu il tarixinə məcmu kapitalın adekvatlıq əmsalı 12% olmuşdur (30 iyun 2018-ci il tarixində bu göstərici 11% təşkil etmişdir). Eyni zamanda bank 2019-cu ilin ilk 6 ayı ərzində 45,232 min AZN dividend ödəmişdir. PAŞA Bank 519,962 min AZN təşkil edən məcmu kapitalına görə ən iri kommersiya bankı mövqeyini qoruyub saxlamışdır.

https://www.pashabank.az/press_centre,1455/lang,az/