Çap

Press-relizlər

ADİU-nin tələbələri PAŞA Bankın İdarə Heyətinin Üzvü ilə görüşüb

PAŞA Bankın İdarə Heyətinin Üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Maliyyə”, “Dünya iqtisadiyyatı”, “Biznesin idarə edilməsi” fakültələrinin birinci kurs tələbələri ilə görüş keçirib.

PAŞA Bankın baş ofisində baş tutmuş tədbirdə 20 xanım tələbə iştirak edib. Tələbələrin xanım Nağıyeva ilə görüşündə əsasən bəşəriyyətin gözəl nümayəndələri qarşısında əmək bazarında açılan karyera imkanları, müasir dünyada təhsilin rolu, əlavə peşəkar bacarıqlara yiyələnmənin vacibliyi və s. kimi mövzular müzakirə olunub.

Xanım Nağıyevanın sözlərinə görə müasir qadının karyerasında uğurun əsas komponentlərindən biri öz gücündən əminlik və istənilən fəaliyyət sahəsində rəqabətqabiliyyətli olmağa səy göstərilməsidir.

“Bu kontekstdə istənilən irəliləyiş, ilk növbədə, qadının peşəkar baxımdan öz üzərində səylə işləməsinin nəticəsidir. Misal üçün maliyyə sahəsi ənənəvi olaraq kişilərin fəaliyyət sahəsi hesab olunsa da, Bankda gender tarazlığının yaradılması sahəsində göstərilən səylər və nail olduğumuz uğurlar əksini deyir. Belə ki, PAŞA Bankda rəhbər vəzifələrin 50%-ni bəşəriyyətin gözəl nümayəndələri tutur, bu isə bizi maliyyə bazarında unikal maliyyə qurumu edir” – deyə, X. Nağıyeva qeyd etdi.

Qeyd edək ki, xanım Nağıyevanın ADİU-nin tələbələri ilə görüşü PAŞA Bankın qadınların imkanlarının genişləndirilməsi və yerli əmək bazarında gender tarazlığının qorunması üzrə təşəbbüsünün (Women Empowerment) həyata keçirilməsi çərçivəsində keçirdiyi növbəti tədbirdir.  

https://www.pashabank.az/press_centre,1355/lang,az/