26/12/2018

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun, xüsusilə turizm və iaşə/yerləşdirmə sahəsinin inkişafına töhfə verməklə ölkənin aparıcı korporativ bankı PAŞA Bank xarici valyutada pul axınlarının cəlb edilməsi istiqamətində yerli bazar üçün yeni bir alətin tətbiqinə başlayıb. 2018-ci ilin dekabr ayından etibarən PAŞA Bank ölkədə ilk dəfə olaraq milli valyutanın xarici bazarlarda satışına başlayıb.

PAŞA Bankın Xəzinədarlıq Departamentinin direktoru Ceyhun Hacıyevin dediklərinə əsasən, Azərbaycanda iqtisadiyyatın aparıcı sektorlarının inkişafı naminə təsdiq edilmiş 12 strateji yol xəritəsinin fəal işləməsi ölkənin regional və dünya miqyasında mövqelərini gücləndirir və bu, ilk növbədə ölkədə cəlbedici investisiya mühitini formalaşdırır və ölkə hüdudları daxil olmaqla milli valyutaya  olan tələbin davamlı artımına şərait yaradır.

«Aparıcı texnologiyaların və qabaqcıl beynəlxalq təcrübələrin Azərbaycan bazarında tətbiqi baxımından ölkə miqyaslı aparıcı banklardan biri olan PAŞA Bank yerli bazara xarici valyutanı cəlb etmək üçün alternativ üsulların yaradılmasına töhfə verir. Bu qəbildən olan növbəti uğurlu addım 2018-ci ilin dekabr ayından etibarən milli valyutanın xarici bazarlarda birbaşa satışının gerçəkləşməsini təmin edən yeni bir alətin ölkə bazarında tətbiqi ilə bağlıdır. Əminəm ki, bu yenilik son illər bazarda əldə etdiyimiz digər nailiyyətlərimizlə yanaşı Azərbaycan iqtisadiyyatının sonrakı mərhələlərdə də davamlı inkişafına və beynəlxalq miqyasda rəqabət qabiliyyətinin möhkəmlənməsinə qulluq edəcək” – deyə C. Hacıyev bildirmişdir.