21/12/2018

Dekabrın 19-da Azərbaycanın aparıcı korporativ bankı - PAŞA Bank və Deloitte Azərbaycanın birgə təşkil etdiyi “Şəffaf uçotun biznesin maliyyələşdirilməsində rolu” mövzusunda konfrans keçirilib.  

Ölkənin paytaxtında baş tutan konfransa 50 nəfərə yaxın özəl sektor nümayəndələri, o cümlədən qeyri neft sektorunda fəal iştirak edən sahibkarlar qatılıb. Tədbirdə PAŞA Bank və Deloitte Azərbaycan ekspertləri şəffaf uçotun qurulması ilə əlaqədar tələblər, qanunvericilikdə bu sahə üzrə gözlənilən yeniliklər, habelə biznesin bununla bağlı transformasiyasının müxtəlif maliyyələşmə alətlərindən istifadəsinə təsiri haqqında müxtəlif mövzularda öz fikirlərini paylaşıblar.

Tədbirdə çıxış edən PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazımovun qeyd etdiyi kimi, son dövrlərdə ölkəmizdə şəffaflığın qurulması ilə bağlı bir sıra mühüm islahatlar aparılır, mühasibat və vergi uçotunun düzgünlüyünə dair tələblər və  nəzarət mexanizmlərinin işə salınması yönündə çoxsaylı tədbirlər görülür, bu da öz növbəsində qanunvericiliyin tələblərinə əməl edilməsi zərurətini yaradır.

“Biz, çox faydalı bir fikir mübadiləsi meydançasına çevrilən bu tədbir vasitəsilə müştərilərimizin nəzərinə çatdırmaq istəyirik ki, vergi uçotunun aparılmasına daha dürüst və effektiv yanaşılması və eyni zamanda, mühasibat uçotunun Beynəlxalq Mühasibatlıq Standartlarına uyğunlaşdırılması yönündə ciddi addımlar atılması gələcəkdə vergi uçotunda aşkarlanmış qanunauyğunsuzluğa görə mühakimə olunmamağınıza zəmin yaradacaq. PAŞA Bank ölkənin aparıcı korporativ bank olaraq öz müştərilərinə hərtərəfli dəstək göstərməyə hazırdır və burada məqsədimiz müştərilərimizə korporativ idarəçiliyin yeni, daha yüksək səviyyəsinə qalxmağa və daha şəffaf və çevik olmağa yardım etməkdir. Əminəm ki, birlikdə biz ölkədə davamlı biznes mühitinin yaradılmasına nail ola bilərik”, - T. Kazımov vurğuladı.