16/05/2018

Ölkənin aparici korporativ bankı-PASA Bankın dəstəyi ilə Azərbaycanda fevral ayında start götürən “Microsoft Imagine Cup 2018” innovasiya müsabiqəsinin Milli Turuna yekun vurulub.

Milli mərhələ çərçivəsində 15 komanda layihələrini ekspertlərdən ibarət olan münsiflər heyətinə təqdim edib ki, münsiflər unikal fikirləri, yenilikçi texnoloji həlləri, öz layihələrini layiqincə təqdim etmək bacarığını qiymətləndirib və gənc ixtiraçılara “Made in Azerbaijan” məhsullarını yaratmaqda dəstək olub.

PAŞA Bankın İdarə heyətinin sədri Taleh Kazımov tədbirdə çıxış edərək qeyd etmişdir ki, qabaqcıl və innovativ bir maliyyə institutu və məsuliyyətli korporativ vətəndaş olaraq PAŞA Bankın vəzifəsi bu gənc istedadların bacarıq və qabiliyyətlərini inkişaf etdirməyə, onlara öz ideya və bacarıqları vasitəsilə dünyanı dəyişdirə biləcəklərinə inanmalarına və bunun üçün əllərindən gələni etməyə dəstək durmaqdır.

“Microsoft Imagine Cup” kimi yarışlar bu günün aktiv və uğurlu gənclərinin sabahın yüksək peşəkar mütəxəssisləri olmaqla yanaşı, eyni zamanda da ölkəmizin sosial və iqtisadi inkişafının əsas oyunçularına çevrilməsinə imkan verir. Əminəm ki, bu layihədə iştirak gənclərin peşə inkişafına güclü təkan verəcəkdir. Sizlər sabahın peşəkarları olaraq ölkə iqtisadiyyatımızı, Azərbaycanımızı daha da irəliyə aparan qüvvəsiniz və bu işdə Sizin hamınıza uğurlar arzulayıram", deyə T. Kazımov fikrini yekunlaşdırdı.

Qeyd edək ki, bu turun qalibi və gümüş mükafatçısı mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək. Komandaların bu mərhələdəki layihələrini beynəlxalq ekspertlərdən ibarət, o cümlədən Azərbaycandan olan münsiflər heyəti qiymətləndirəcək. Sözügedən turun qalibləri “Imagine Cup 2018”in ABŞ-da keçiriləcək finalında iştirak etmək və layihənin gələcək inkişafı üçün nəzərdə tutulmuş və müsabiqənin əsas mükafatı sayılan – 100 000 ABŞ dolları uğrunda mübarizə aparmaq imkanı əldə edəcək.