01/05/2018

PAŞA Bank 31 dekabr 2017-ci il tarixinə bitən il üzrə özünün və törəmə banklarınin (PASHA Bank Georgia və PASHA Yatırım Bankası A.Ş.) maliyyə nəticələrini mətbuat konfransında açıqladı. Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri və Baş İcraçı Direktor Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Risk İnzibatçısı Xəyalə Nağıyeva və İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev çıxış etdilər.

Hesabata əsasən 31 dekabr 2017-ci il tarixinə PAŞA Bankın xalis mənfəəti keçən ilin müvafiq dövrü üzrə göstərici ilə (69,288 min AZN) müqayisədə 29% artaraq 89,092 min AZN təşkil etmişdir. Hesabat dövrünə Bankın məcmu aktivləri 3,958,415 min AZN təşkil etmişdir ki, bu da 2016-cı ilin müvafiq tarixinə qeydə alınmış 3,289,845 min AZN ilə müqayisədə 20% artım deməkdir.

31 dekabr 2017-ci il tarixinə Bankın aktivləri aşağıdakılardan ibarətdir:

Pul vəsaitləri və onların ekvivalentləri – 37%

Müştərilərə verilmiş kreditlər – 34%

Kredit təşkilatlarından alınacaq məbləğlər – 15%

İnvestisiya qiymətli kağızları – 11%

Digər aktivlər – 3 %

Aktivlər portfelinin şaxələndirilməsi ilə bağlı qəbul etdiyi strateji qərar nəticəsində Bank müştərilərinə təklif etdiyi xidmətlərin düzgün balansını saxlamağa nail olmuşdur.

Hesabat dövrünə faiz gəlirləri 231,111 min AZN səviyyəsinə çatmışdır, 2016-cı il tarixinə bu məbləğ 157,502 min AZN olmuşdur. Qeyri-faiz gəlirləri hesabat tarixinə 52,601 min AZN təşkil etmişdir ki, bu da ümumi əməliyyat gəlirlərində 27% pay deməkdir. Bankın ümumi əməliyyat gəlirləri keçən illə müqayisədə 4% artaraq 194,340 min AZN səviyyəsinə çatmışdır.

 

31 dekabr 2017-ci il tarixində bitən 12 ay üzrə Bankın ümumi əməliyyat xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 82,269 min AZN təşkil etmişdir. Hesabat dövrünə xərcin gəlirə nisbəti əmsalı 42% olmuşdur. 2016-cı ilin eyni dövrü üçün həmin məbləğ müvafiq olaraq 40% təşkil etmişdir.

Bankın məcmu kreditləri 31 dekabr 2017-ci il tarixinə 1,413,992 min AZN məbləğinə çatmışdır. Bu, 2016-cı ilin sonu ilə müqayisədə 21% artım deməkdir.

 

Hesabat dövrünə kredit portfelinin effektiv ehtiyat dərəcəsi 4.5% olmuşdur. Bu faiz dərəcəsi 31 dekabr 2016-cı il tarixinə olan 5.3% göstərici ilə müqayisədə azalmışdır. Kredit portfelinin keyfiyyəti Bankın əsas hədəflərindən biridir və ciddi nəzarət altındadır.

 

31 dekabr 2017-ci il tarixinə Bankın məcmu kapitalı 2% artaraq 499,149 min AZN təşkil etmişdir. Eyni zamanda məcmu kapitalın adekvatlılıq əmsalı 15% olmuşdur (31 dekabr 2016-cı il tarixində bu göstərici 20% təşkil etmişdir).

PAŞA Bank müştərilərə rəqabət qabiliyyətli və mütərəqqi məhsullar təklif etməklə korporativ və KOS seqmentlərində bazar payını artırmağı və Azərbaycan bazarında öz lider mövqeyini qoruyub saxlamağı hədəfləyir. Aktivlərin keyfiyyətinin qorunub saxlanılması və müştərilər üçün düzgün maliyyə qərarlarının qəbul edilməsi PAŞA Bankın bir nömrəli prioriteti olaraq qalır.

PAŞA Bankın İdarə Heyətinin Sədri Taleh Kazımovun sözlərinə görə, Bank son illərdə yeni zirvələri dəf edərək regional Banka çevrilmişdir.

«Daha geniş miqyasda fəaliyyət göstərən Bank gündəlik əsasda qəbul edilən hər bir qərarda öz məsuliyyətini bütünlüklə dərk edir: investisiya və maliyyə aspektləri ilə bağlı qərarlarımız müvafiq ölçü vahidlərinə əsaslanır və PAŞA Bankın uzunmüddətli və dayanıqlı inkişaf konsepsiyasını əks etdirir. İnanıram ki, Bankın Beynəlxalq Maliyyə Hesabatlılığı Standartlarına (BMHS) müvafiq olaraq tətbiq etdiyi unikal və mürəkkəb daxili və xarici maliyyə hesabatlılıq standartları PAŞA Bankın öz tərəfdaşları qarşısında ən yüksək hesabatlılıq yanaşmasını və Bankın əsas dəyərlərindən olan Dürüstlük prinsipinə sadiqliyini nümayiş etdirir», - T.Kazımov dedi.

Növbəti strateji dövr ərzində PAŞA Bank öz diqqətini bank xidmət və proseslərinin rəqəmsallaşdırılmasına, bunun nəticəsində isə müştərilərin məmnunluğunun təmin edilməsinin yeni bir səviyyəsinə qalxmağı hədəfləyir. “Bununla bağlı iddialı rəqəmsallaşma fokuslu əhatəli layihəyə start verilmişdir və bu sahə üzrə yüksək ixtisaslı mütəxəssislərin cəlb edilməsi prosesinə başlanılmışdır.  Əminəm ki, nəzərdə tutduğumuz yüksək hədəflərin yerinə yetirilməsi PAŞA Bankı ölkənin aparıcı rəqəmsal bankı kimi tanınmasına, təmin etdiyimiz müştəri xidmətlərinin operativliyinə və keyfiyyətinə öz müsbət təsirini göstərəcək”, - deyə T.Kazımov fikrini yekunlaşdırdı.

*başqa tarix qeyd edilməyibsə, bütün rəqəmlər 31 dekabr 2017-ci il tarixinə verilmişdir və konsolidasiya edilmiş audit edilmiş maliyyə hesabatlarına əsaslanır.