18/04/2018

Azərbaycanın aparıcı korporativ bankı – PAŞA Bank – 17 aprel tarixində Bakıda keçirilən "Rəqəmsal bankçılıq və təhlükəsizlik" mövzusunda “MDB ölkələri üzrə 1-ci Beynəlxalq bankçılıq sərgi-konfransında iştirak edib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının və maliyyə tənzimləyici orqanların, həmçinin Türkiyə, Gürcüstan, Rusiya və digər MDB ölkələrinin, habelə Avropa və Çin Fintek şirkətlərinin rəhbər şəxsləri iştirak etmişdir.

Konfransda “Müasir bankçılıq konsepsiyası, dəyişikliklər və inkişaf perspektivləri”, “Banklar digər sənayelərin rəqəmsal transformasiya səriştəsindən bəhrələnə bilər”, “ Banklar və Finteklər”, “E-kommersiya və m-kommersiyada müasir ödəniş sistemlərinin istifadə edilməsi”, “Avtorizasiyanın ən yeni üsulları”, “Əhatəli məlumat bazası və onun tətbiqi”, “Müasir bankların İT təhlükəsizlik alətləri” kimi mövzular  müzakirə olunmuşdur.

PAŞA Bankın Baş İcraçı direktoru Taleh Kazımovun qeyd etdiyi kimi, rəqəmsal transformasiya sadəcə olaraq ənənəvi bankçılıqdan rəqəmsal dünyaya keçid ilə məhdudlaşmır.

“Ölkənin aparıcı korporativ bankı PAŞA Bank ölkənin ümumilikdə qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi və fərdi olaraq rəqəmsal layihələrin miqyasının genişləndirilməsi səylərinə töhfə vermək üçün rəqəmsal transformasiya prosesinə start vermişdir. 2018-2020-ci illəri əhatə edən Inkişaf strategiyamızda da məqsəd rəqəmsal kanalların inkişaf etdirilib istismara verilməsidir. Biz Mütərəqqi rəqəmsal kanallar, Digital Lab konsepsiyası, Lean Agile İT və kiber-təhlükəsizlik aspektinin gücləndirilməsi vasitəsilə rəqəmsal xidmət kanallarını və rəqəmsal satış kanallarını qurmaqla müştəri əməliyyatlarının 90%-i alternativ rəqəmsal kanallara köçürməyi hədəfləyirik”, - deyə Kazımov fikrini yekunlaşdırdı.

Sərgi-konfrans aprelin 18-də öz işini yekünlaşdırır.