03/04/2017

Azərbaycanın ən iri banklarından biri - PAŞA Bank - Bakıda S.H.E. - Smart, Happy, Elegant beynəlxalq işgüzar qadınlar konqresinin keçirilməsinin partnyoru qismində çıxış edib.

Tədbirin işində dövlət strukturları, maliyyə institutları, özəl sektor və digər fəaliyyət sahələrindən olan 400-dən artıq nümayəndə çıxış edib. Xüsusi diskussiya panelləri çərçivəsində 5 ölkədən 30 işgüzar xanımla yanaşı PAŞA Bankın İdarə Heyətinin üzvləri, Baş maliyyə inzibatçısı Xəyalə Nağıyeva və Baş hüquq inzibatçısı Şirin Əliyeva çıxış edib.

Tədbirin iştirakçıları tərəfindən bir sıra aspektlər, o cümlədən stereotiplərin müasir cəmiyyətdə zəif cinsin nümayəndələrinin işgüzar aktivliyinə təsiri, sırf kişilərə aid edilən fəaliyyət sahələrində qadınların rolunun gücləndirilməsinə yönəldilən təcrübə və təşəbbüslər, şirkətlərdə, o cümlədən yüksək vəzifəli rəhbərlər arasında gender bərabərliyi kimi məsələlər qaldırılmışdır. Konqres zamanı qadınların ölkənin ictimai-siyasi həyatında iştirakına, peşəkar fəaliyyətlə ailə həyatı arasında balansın tapılmasına və digər aktual məsələlərə aid mövzular müzakirə edilmişdir.

Qeyd edək ki, S.H.E. - Smart, Happy, Elegant beynəlxalq işgüzar qadınlar konqresi "RED Communications" şirkəti tərəfindən təşkil olunub. "Azərbaycanın 100 işgüzar qadını" layihəsinin tərkib hissəsi olan tədbir ölkədə ilk dəfə keçirilirdi.