Çap

Press-relizlər

“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa son dəyişikliklər haqqında

16.12.2016-cı il tarixli "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən:

1. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə:

- ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri;
- Həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200000.00 manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30000.00 manatdan (1 yanvar 2017-ci il tarixdən tətbiq edilir) artıq olduqda;
- Digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15000.00 manatdan (1 aprel 2017-ci ildən tətbiq edilir) artıq olduqda hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

2. 1-ci bənddə qeyd olunan limitlərdən asılı olmayaraq aşağıdakı hesablaşmalar 01 yanvar 2017-ci il tarixdən yalnız nağdsız qaydada həyata keçirilməlidir:
- Vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi;
- "Sığorta fəaliyyəti haqqında" və "İcbari sığorta haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər;
- Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;
- Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar;
- Stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi;
- Faizsiz pul vəsaitlərinin (vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması;
- Dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);
- Təhsil haqlarının ödənilməsi;
- Tur agentlərə ödəmələr.

3. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər:

- Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
- Əlvan və qara metal qırıntılarının qəbulu;
- Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;


- Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu.

16.12.2016-cı il tarixli Azərbaycan Respublikası Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən:
Nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicisinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala
- birinci dəfə yol verdikdə 10 faizi,
- ikinci dəfə yol verdikdə 20 faizi,
- üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
"PAŞA Bank" ASC olaraq, müştəriləri tətbiq edilən dəyişikliklərin dərindən mənimsənilməsinə və normalara ciddi riayət etməsinə dəvət edirik. Belə ki müştərilərin qadağan olunmuş əməliyyatlara görə mümkün sanksiya risklərindən qorunması nüfuzlu və dayanıqlı Bank üçün olduqca önəmlidir.

https://www.pashabank.az/press_centre,1028/lang,az/